YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

20 Oktyabr - Zəngilan Şəhəri Günüdür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsinin ən şanlı səhifələrindən biri olaraq, 2020-ci il oktyabrın 20-də Zəngilan şəhəri və ətraf kəndləri erməni işğalından azad edilib. Vətənin bir parçası olan Zəngilan şəhərində üçrəngli bayrağımızın dalğalandığı o gün 27 ildən sonra doğma yurdun azad nəfəs almağa başladığı  tarixdir. Qisas qiyamətə qalmadı. Hərbi əməliyyatlar "dəmir yumruq" adlı döyüş taktikasının yüksək peşəkarlıqla təşkili və tətbiqi nəticəsində məharətlə yerinə yetirildi. Canını Vətən torpağına sipər edən oğullar igidlik göstərdilər, şücaət nümayiş etdirdilər, Zəngilanı sahiblərinə qaytardılar.

Döyüşlərin ilk dəqiqələrindən, ilk saatlarından şanlı Azərbaycan Ordusunun üstünlüyü açıq-aydın hiss olundu. Güclü, qətiyyətli əks-hücumlar qarşısında dayana bilməyən düşmən geri çəkilməyə başladı. Qazanılan ilk uğurlar Silahlı Qüvvələrimizin gücündən, qüdrətindən və yaxın günlərdə düşmən üzərindəki qələbələrdən xəbər verirdi. İkinci Qarabağ müharibəsinin elə birinci günü ordu hissələri xeyli irəliləyərək Cəbrayıl rayonunun bir neçə kəndini  işğaldan azad etdi. Zəngilana, Qubadlıya, Laçına, Şuşaya və işğalda qalmış başqa bölgələrə gedən yollar geniş açıldı. Keçirdikləri təlimlərdə yüksək döyüş taktikası mənimsəmiş zabit və əsgərlərimiz dayanmadan irəlilədilər. Oktyabrın 4-də Cəbrayıl rayonu erməni qəsbkarlarından azad olundu. Nəhayət, gərgin və həlledici döyüşlərdən sonra Zəngilan rayonu da erməni işğalçılarından azad olundu.

Müzəffər Ali Baş Komandan 20 oktyabr 2020-ci ildə xalqa müraciət edərkən Zəngilan rayonunun düşməndən azad olunması müjdəsini verdi. Azərbaycan Prezidenti İlham Əliyevin həmin müraciətini indiki kimi xatırlayırıq: "Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir! Əziz xalqım, əziz zəngilanlılar, füzulililər, xocavəndlilər, cəbrayıllılar və işğal edilmiş digər rayonların sakinləri, biz öz missiyamızı yerinə yetiririk. Düşmənə layiqli cavab veririk. Düşməni cəzalandırırıq. Düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq! Qarabağ bizimdir! Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!"

Füsunkar təbiəti və gözəlliyi ilə seçilən Zəngilanın böyük turizm potensialı var. Zəfərdən sonra regionda bu istiqamətdə də işlər görülür. Rayon özünün təbii ehtiyatlarının zənginliyi ilə də fərqlənir. Hesablamalara görə, Vejnəli kəndindəki yataqda  6,5 ton qızıl, 10,75 ton gümüş, 4 min tona yaxın mis var. Bu sərvətin  27 il ərzində ermənilər tərəfindən talanmasını Azərbaycan iqtisadiyyatına külli miqdarda vurulan ziyan kimi dəyərləndirmək olar. Bu gün isə Vejnəli yatağı Azərbaycan dövlətinə və xalqına məxsusdur. Zəngilanda inşa olunmuş hava limanı isə bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün geniş  imkanlar yaradıb.

Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi 3 il öncə, oktyabrın 20-də baş tutmuşdur. Açılışını  Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın etdikləri hava limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyekt olmaqla, Zəngəzur dəhlizinin  gücləndirilməsi baxımından da strateji əhəmiyyət kəsb edir. Çünki buradan dəmir və avtomobil yolları da keçəcək, Naxçıvana yol açılacaq. Ümumi uzunluğu 124 kilometr olan Zəngilan-Horadiz avtomobil yolunun inşasının başa çatmasına az qalıb. Bu yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla Azərbaycanın digər rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.