Xəbərlər
Böyük Britaniya parlamentinin üzvü: Azərbaycan bizim üçün maraqlı və vacib ölkədir
“Azərbaycanı kəşf et: Bakı-2015 buraxılışı” çox maraqlı və mühüm əhəmiyyətə malik kitabdır.
Bu sözləri Böyük Britaniya parlamentinin üzvü Roger Qodsif noyabrın 13-də “Azərbaycanı kəşf et: Bakı-2015 buraxılışı” kitabının təqdimat mərasimində jurnalistlərə müsahibəsində deyib.
Kitabda Azərbaycan ilə bağlı mühüm məlumatların əks olunduğu diqqətə çatdıran R.Qodsif deyib: “Kitabın tərtibatı da olduqca cəlbedicidir. Bu, çox vaxtında reallaşdırılan vacib layihədir. Əminəm ki, bu kitab böyük maraq doğuracaq”.
Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan qonaq Bakının gözəl şəhər olduğunu bildirib. “Burada gördüklərim məni yenidən Bakıya səfər etməyə həvəsləndirir. Birləşmiş Krallıq ilə Azərbaycan arasında münasibətlər inkişaf edir. Azərbaycan Böyük Britaniya üçün maraqlı və vacib ölkədir”, - deyə Britaniya parlamentinin üzvü qeyd edib.