Xəbərlər
Azər Badamov: Ölkənin bir çox kəndlərində insanlar mavi yanacağın ilk dəfə alovlandırılmasının sevincini yaşayırlar
«Son illərdə Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkənin regionlarının iqtisadi güc amilinə çevrilməsi və bölgələrdə əhalinin sosial təminatı baxımından vacib olan infrastrukturun yaradılması istiqamətində ardıcıl tədbirlər reallaşdırılır. Respublikamızda regionların sosial-iqtisadi inkişafına dair 2004-cü ildən etibarən reallaşdırılan müvafiq Dövlət proqramlarında nəzərdə tutulan layihələrin uğurla həyata keçirilməsi sayəsində artıq paytaxt Bakı və digər iri şəhərlərlə bölgələr arasındakı fərq, demək olar ki, tam aradan qalxıb». Bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov deyib.
A.Badamov bildirib ki, son 12 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər sırasında bölgələrin qazlaşdırılması ilə bağlı layihələrin əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Onun sözlərinə görə, Prezident İlham Əliyev ölkənin qazlaşdırılması ilə bağlı qarşıya konkret hədəflər qoyub.
«Dövlət başçısının ölkənin qazlaşdırılması ilə bağlı qarşıya qoyduğu hədəflərə uyğun olaraq SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ” çərçivəsində mühüm tədbirlər həyata keçirilir. Belə ki, əhali kateqoriyasına aid istehlakçıların mənzillərindəki istismar müddəti bitən mexaniki sayğaclar “Smart-kart” tipli sayğaclarla əvəz olunur, yeni qaz kəmərləri çəkilir, təmir-bərpa işləri aparılır. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinin qazlaşdırılması məqsədi ilə cari ilin 9 ayı ərzində 9218 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 419 kilometr uzunluğunda qaz kəmərləri əsaslı təmir edilib. Aparılan tikinti-quraşdırma işləri nəticəsində 2015-ci ilin yanvar-sentyabr ayları ərzində 217 yaşayış məntəqəsinə təbii qaz verilməsi təmin olunub. Ölkənin bir çox kəndlərdə insanlar mavi yanacağın ilk dəfə alovlandırılmasının sevincini yaşayırlar»- deyə, komitə üzvü qeyd edib.