Xəbərlər
"Azərbaycan dövlətinin çağdaş tarixində şanlı səhifələrin sayı artmaqdadır"

Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatının Şıxsalahlı və Qaragüney kənd ərazi partiya təşkilatlarında cənab İlham Əliyevin 15 oktyabr 2003-cü il tarixində ilk dəfə prezident seçilməsinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov bildirib ki, 15 oktyabr 2003-cü il Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biridir. 22 il öncə xalq öz gələcəyini, inkişafını, təhlükəsizliyini və Zəfərini təmin etmək üçün cənab İlham Əliyevə etimad göstərdi. Ötən dövr ərzində Prezident İlham Əliyev bu etimadı layiqincə doğrultmuş, xalqa verdiyi bütün vədləri ardıcıl şəkildə yerinə yetirmişdir.
Varis Rüstəmov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqilliyini ilbəil möhkəmləndirən Azərbaycan dövlətinin çağdaş tarixində şanlı səhifələrin sayı artmaqdadır. Bu dövrün zirvəsində isə şübhəsiz ki, Vətən müharibəsində qazanılmış Zəfər dayanır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız 44 gün ərzində işğaldan azad olunmuş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir. 2023-cü il sentyabrın 19-da Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri də hərb tariximizə daha bir parlaq səhifə kimi yazılmışdır. Qarşıya qoyulan məqsədlər 24 saatdan da az müddətdə yerinə yetirilmişdir ki, bu da Prezident İlham Əliyevin qətiyyətinin, siyasi iradəsinin və müdrik liderliyinin bariz nümunəsidir.
Tədbirdə çıxış edən partiya üzvləri Bəylər Heydərov, Məhərrəm Məhərrəmov və Ramiz Həsənov qeyd ediblər ki, Prezident İlham Əliyevin 22 illik prezidentlik fəaliyyətinin əsas qayəsi xalqa ləyaqətlə xidmət etmək və hər bir azərbaycanlının Prezidenti olmaqdır.
Sonda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul edilmiş gənclərə üzvlük vəsiqələri təqdim olunub.