YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya azad edilmiş torpaqlarda sürətli dirçəlişin şahididir

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyevin son günlərdə iştirak etdiyi tədbirlərin say tərkibinə diqqət yetirdikdə Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu daha aydın şəkildə görürük. Oktyabr ayında Qəbələ şəhəri türk dövlətlərini bir araya gətirərək Türk Dövlətləri Təşkilatının XII Zirvə görüşünə ev sahibliyi etdi.  Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə görüşündə, həmçinin MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etdi. Təkcə bu səfərlərin fonunda Azərbaycanın iki və çoxtərəfli çərçivədə əlaqələrinin yüksələn xətlə inkişafının aydın mənzərəsini təqdim etmək mümkündür.

Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri  xüsusi əhəmiyyətə malikdir.  Diplomatik münasibətlərimiz 1992-ci ildə  qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. İki ölkənin iqtisadi münasibətlərinə gəldikdə 2008-ci ildə   Azərbaycan  ilə Tacikistan  arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya yaradılıb. Bu Komissiyanın müntəzəm olaraq keçirilən iclasları iqtisadi əlaqələrimiz barədə aydın təsəvvür yaradır. Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. İki ölkə arasında elm və təhsil sahəsində münasibətlər də mühüm yer tutur. Ölkələrimiz, həmçinin beynəlxalq və regional təşkilatlar, xüsusilə İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edir. Bütün bunlar göstərir ki, iki ölkə arasında münasibətlərin inkişafı yaxşı perspektiv vəd edir və bunun üçün böyük potensial mövcuddur.   

MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında  “Əvvəlcə qonaqpərvərliyə, tədbirimizin yüksək səviyyədə təşkilinə görə Tacikistan Prezidenti hörmətli Emoməli Şərifoviç Rəhmona təşəkkürümü bildirmək istərdim. Qardaş Tacikistan xalqını Prezidentin rəhbərliyi ilə əldə olunmuş uğurlar və nailiyyətlər münasibətilə təbrik etmək istərdim” söyləyən Prezident İlham Əliyev onu da əlavə etdi ki, Düşənbədə dəfələrlə olarkən ölkənin paytaxtının necə sürətlə inkişaf etdiyini, yeni binaların tikildiyini görürəm. Bütün bunlar bizi dost kimi çox sevindirir. Şəhərsalma sahəsində uğurlar münasibətilə təbrik edirəm və Düşənbənin ildən-ilə gözəlləşdiyinə şadam. Bu gün, həmçinin Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl inkişafını qeyd etmək istərdim. Onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir.

Ölkə Prezidenti çıxışında “Bugünkü iclasda humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunmaq istərdim” fikirlərinin davamı olaraq  Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürünü bildirdi. Qeyd etdi ki, bu ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasimi keçirildi, Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verildi. Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular. Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib.

Son beş ilin mühüm reallığı budur ki, bütün azad edilmiş ərazilərimizdə olduğu kimi, Laçın şəhəri də genişmiqyaslı bərpa-quruculuq işlərinin mərkəzinə çevrilib. Laçın rayonu strateji baxımdan ən mühüm ərazilərimizdən biridir. Burada hava limanının inşası bölgənin beynəlxalq status və əhəmiyyətini artırmaqla bərabər, həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanı 2025-ci il mayın 28-də istifadəyə verildi. Azərbaycan Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanlarını istifadəyə verməklə Qarabağın və Şərqi Zəngəzurun hava qapılarını dünyaya açdı. Bu gün azad edilmiş ərazilərimiz iqtisadi, siyasi, humanitar, beynəlxalq mərkəz kimi dünyanın diqqətindədir.