YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın beynəlxalq nüfuzunun təqdimatı

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Bu günlərdə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Düşənbədə səfərdə olan Prezident İlham Əliyevin tədbir çərçivəsində keçirdiyi görüşlər, həmçinin toplantıda çıxışı mühüm məqamlarla diqqətdə oldu. Dövlətimizin başçısının çıxışında diqqət göstərdiyi mühüm məqamlardan, Birliyin həyatında əlamətdar hadisələrdən biri Gəncə şəhərində III MDB Oyunlarının keçirilməsi oldu.

Qeyd edək ki, “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş” iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının 2021-ci il 20 dekabr tarixli növbədənkənar iclasında III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycanın MDB Oyunları kimi əhəmiyyətli bir idman tədbirinə ev sahibliyi etməsi onun idman ölkəsi kimi artan nüfuzunun daha da möhkəmlənməsinə, gələcəkdə belə mühüm layihələrin respublikamızda yüksək səviyyədə təşkil edilməsinə müsbət təsir göstərəcək.

Azərbaycanda idmanın inkişafına böyük əhəmiyyət verilir.  Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkəmiz beynəlxalq idman ailəsinin nüfuzlu və etibarlı üzvlərindən birinə çevrilmişdir. Azərbaycan müxtəlif illərdə ən mötəbər beynəlxalq yarışlara ev sahibliyi etməklə bacarıqlı təşkilatçı kimi özünü təsdiq etmişdir. Bakıda 2015-ci ildə Birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, eləcə də müxtəlif növlər üzrə dünya və qitə çempionatları yüksək səviyyədə keçirilmişdir.

Cənab İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasındakı çıxışında bildirdi ki, Birliyin həyatında daha bir  mühüm hadisə sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində - XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində  III MDB Oyunlarının keçirilməsi  oldu. Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində - Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi, Şəkidə 13 ölkədən – həm MDB üzvləri olan, həm də qonaq ölkələrdən 1600-dən çox idmançı qəbul edildi. Bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir.

III MDB Oyunları  Azərbaycanın gücünü və birləşdirici rolunu nümayiş etdirdi. Qarabağda və işğaldan azad olunmuş ərazilərdə yenidənqurma prosesi ilə paralel olaraq beynəlxalq tədbirlərin təşkili göstərir ki, Azərbaycan təkcə öz ərazilərini bərpa etmir, həm də regionda sülh və inkişaf üçün yeni mərhələnin əsasını qoyur. Xankəndidə yarışların keçirilməsi bu baxımdan həm rəmzi, həm də siyasi əhəmiyyət daşıdı. Bu oyunlar Azərbaycanın idmançılar üçün yaratdığı şəraitin, gənclərə göstərdiyi dəstəyin və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq iradəsinin parlaq nümunəsidir. III MDB Oyunları növbəti dostluq və həmrəylik bayramı oldu. Bu oyunlar Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini daha da möhkəmləndirdi. Bu kimi tədbirlər Müstəqil Dövlətlər Birliyi daxilində qarşılıqlı hörmətə, bərabərhüquqlu münasibətlərə və ümumi dəyərlərə əsaslanan yeni əməkdaşlıq mühitinin formalaşmasına stimul verir.