YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

BDU-da "Ümummilli Lider Heydər Əliyev mühazirələri" layihəsi çərçivəsində görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elnarə Akimovanın tələbələr ilə görüşü baş tutub.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov çıxış edərək Ulu Öndər Heydər Əliyevin adının Azərbaycan dövlətçiliyinin rəmzinə çevrildiyini vurğulayıb. O qeyd edib ki, idarəçilik və liderlik keyfiyyətlərinə, fitri istedada, dərin intellektə, yüksək vətənpərvərlik hissinə malik olan Ulu Öndər müstəqil Azərbaycanın siyasi, iqtisadi, hüquqi və sosial-mədəni əsaslarını yaradan, ölkəmizi dünya miqyasında tanıdan, onun inkişafını təmin edən qüdrətli şəxsiyyətdir. Bu gün Prezident İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi həmin strateji xətti uğurla davam etdirir. Təhsil və elm sahəsinə göstərilən diqqət sayəsində Azərbaycan yeni intellektual inkişaf mərhələsinə qədəm qoyub.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin zəngin fəaliyyəti əsl dövlətçilik məktəbi, gənclərimiz üçün nümunədir. Müstəqil Azərbaycan dövlətinin yaranması və inkişafında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ümummilli Lider öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və müstəqilliyimizi əbədi, dönməz etmiş qüdrətli şəxsiyyətdir. O, bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkib, respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə edib. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ərazi bütövlüyümüz təmin edilib, regionda yeni reallıqlar yaranıb.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elnarə Akimova bildirib ki, hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Azərbaycan xalqı da hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Ümummilli Lider Heydər Əliyevi qürur hissi ilə xatırlayır: “Geniş bilik və dərin təfəkkür sahibi olan Ulu Öndər Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll edib. O, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirib və məharətlə həyata keçirib”.

Vurğulanıb ki, bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı qürurludur. Otuz ilə yaxın dövrdə işğal altında qalan torpaqlarımız Heydər Əliyevin layiqli siyasi davamçısı, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində tarixi Zəfərlə azadlığa qovuşub.

Çıxışlardan sonra tələbələrin sualları cavablandırılıb.