YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Səmərəli fəaliyyət

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib.Ölkə başçısı BMT Baş Assambleyasında 27 Sentyabr Anım günü, Vətən Müharibəsinin başlanmasının 5-ci ildönümü ərəfəsində çıxış etdi və həmin hadisələri xronoji ardıcıllıqla xatırlatdı. Ermənistanın təxribatlarına qarşı əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu cəmi 44 gün ərzində torpaqlarımızda 30 ilə yaxın davam edən işğala son qoydu. Bu, BMT-nin icra edilməyən 4 qətnaməsinin və beynəlxalq hüququn - ədalətin Azərbaycan tərəfindən təmin edilməsi idi. 2020-ci ilə qədər BMT tribunasından işğala son qoyulması çağırışları edən Prezident İlham Əliyev 25 sentyabr 2025-ci il tarixində o tribunaya ədaləti bərpa edən lider kimi çıxdı və dünyaya xitab etdi: Son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil, bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur.

Prezident çıxışında müharibədən sonra başlanan sülh danışıqlarının əsas təşəbbüskarının məhz Azərbaycan olduğunu vurğuladı.BMT Baş Assambleyasında çıxışı zamanı Prezident İlham Əliyev ölkəmizin yeni dövrə qədəm qoyduğunu bildirdi. Prezident İlham Əliyev çıxışında Vaşinqton Sammitində Bakı və Vaşinqton arasında əldə olunan razılaşmalara - Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında iki hökumət arasında Anlaşma Memorandumunun imzalanması, bunun siyasi, iqtisadi, enerji, regional bağlantılar, müdafiə, təhlükəsizlik və digər sahələrdə tərəfdaşlıq üçün yeni üfüqlər açması – xüsusilə diqqət çəkdi,dövlət başçısı avqustun 8-də Ağ Evdə imzalanmış razılaşmaların tarixi əhəmiyyətini də bir daha xüsusi qeyd etdi: “Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açdığına, münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək qərarına və Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə dəstəyinə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edirəm”. 

Azərbaycan bu sessiyada fəal iştirak edərək, öz mövqeyini və prioritetlərini beynəlxalq ictimaiyyətə çatdırdı. Bu iştirak ölkəmizin yalnız regional deyil, eyni zamanda, beynəlxalq səviyyədə sülhün, təhlükəsizliyin və davamlı inkişafın təşviqi sahəsindəki mövqeyini və təşəbbüslərini BMT tribunasından ifadə etmək imkanlarını uğurla dəyərləndirdiyini göstərir. Azərbaycanın bu yüksək səviyyəli tədbirdə iştirakı, eyni zamanda, ölkəmizin beynəlxalq hüquqa, çoxtərəfli əməkdaşlıq prinsiplərinə və BMT-nin əsas məqsəd və vəzifələrinə sadiqliyinin bariz nümunəsidir. Azərbaycan hər zaman BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirib, Dayanıqlı İnkişaf Məqsədlərinin inkişafına, beynəlxalq sülh və təhlükəsizliyə töhfə verib. Ölkəmiz bu vaxta qədər BMT başda olmaqla olmaqla bütün beynəlxalq platformalara təcavüz və işğaldan əziyyət çəkən tərəf kimi qatılırdısa, artıq son 5 ildə qalib ölkə kimi təmsil olunur. 44 günlük Vətən müharibəsində qazandığımız böyük zəfər, Cənubi Qafqazda davamlı sülh təşəbbüsləri Azərbaycanın nüfuzunu daha da artırıb.Bu, Azərbaycanın qlobal məsələlərə yalnız izləyici deyil, fəal tərəfdaş kimi yanaşdığını, milli maraqlarla yanaşı, ümumbəşəri dəyərlərin müdafiəsinə də töhfə vermək niyyətində olduğunu nümayiş etdirir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 80-ci sessiyası qlobal gündəlikdə mühüm yer tutdu. Bu yubiley sessiyası dünya ölkələrini sülh, təhlükəsizlik və inkişaf kimi həyati məsələləri müzakirə etmək üçün bir araya gətirdi.