YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Birlik, həmrəylik və sülhün təntənəsi

Elnarə Akimova

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, filologiya elmləri doktoru

Sentyabrın 28-də Gəncə şəhərinin səmaları altında sadəcə bir idman tədbiri keçirildi. O günün havasında həm qürur, həm kədər, həm də yenidən doğulan inam dolaşırdı. Anım Günü ərəfəsində keçirilən III MDB oyunlarının açılış mərasimi, əslində, bir xalqın yaddaşının, keçmiş acılarının və qələbə sevincinin teatrlaşdırılmış hekayəsi idi.

Belə bir möhtəşəm tədbir üçün Gəncə təsadüfən seçilməmişdi. Bu şəhər Vətən müharibəsinin ən ağır izlərini daşıyır. Burada dağılan evlərin tozu, raket zərbələrində həyatını itirən insanların xatirəsi hələ də havadadır. Elə buna görə də açılışdan öncə Prezidentin və birinci xanımın Gəncə Memorial Kompleksində şəhidlərin xatirəsini yad etməsi mərasimin emosional fonunu tamamladı. O an stadiondakı hər bir səs, hər bir hərəkət şəhid ruhlarının önündə səcdə edən bir xalqın mesajı idi: “Unutmuruq, unutmayacağıq.”

Açılış mərasiminin bədii hissəsi sadəcə şou deyildi, milli yaddaşın canlı bir tablosu idi. Səhnəyə çıxarılan hər bir detal, səslənən musiqilər, rəqs və işıq kompozisiyaları bir kitabın səhifələri kimi ard-arda açılırdı. Əvvəlcə xarıbülbülün tapdalanması ilə xalqın çəkdiyi ağrı göstərildi. Ardınca səhnə qəfil dəyişdi, qəhrəmanlıq motivləri önə çıxdı və tamaşaçı 44 günün o unudulmaz ritminə qaytarıldı.

Kulminasiya isə hamının gözlədiyi məqam idi — səhnəyə “Dəmir Yumruq” gətirildi. Bu, təkcə simvol deyildi. O, tamaşaçının yaddaşına, ruhuna toxunan canlı bir obraz idi. Çünki hər bir azərbaycanlı bilir: bu yumruq həm birliyi, həm də qətiyyəti təcəssüm etdirir. O yumruqla xalq öz haqqını aldı, torpaqlarını geri qaytardı.

Səhnənin bədii təsiri dövlət başçısının sözləri ilə tamamlandı. Prezident İlham Əliyevin çıxışı sadəcə protokol nitqi deyildi, o, bir millətin taleyinə çevrilmiş mübarizənin poetik yekunu idi. “Biz həm müharibəni, həm də sülhü qazandıq” deyərkən stadiondakı minlərlə insan təkcə alqışlamırdı, həm də öz taleyinin təsdiqini eşidirdi.

Ən çox yadda qalan ifadə isə bu oldu: “Dəmir yumruq yerindədir və hər zaman yerində olacaq.” Bu, yalnız siyasi mesaj deyildi. Bu, bir xalqın gələcək yolunun devizi idi. Tarix boyu gücün, haqqın və ədalətin rəmzi kimi yadda qalacaq bir cümlə.

Mərasim boyu bir məqam diqqətdən yayınmırdı: kədər və qürur, xatirə və ümid yan-yana dayanmışdı. Qarabağ atlarının çıxışı, göyə buraxılan göyərçinlər, səmada parlayan atəşfəşanlıq - hamısı möhtəşəmliyi tamamlayırdı. Sanki xalq özü ilə danışırdı: “Biz çox itirdik, amma qalib gəldik. Biz yas saxladıq, amma gələcəyə doğru yürüyürük”.

III MDB Oyunlarının açılışı bir daha göstərdi ki, Azərbaycan yalnız idman meydanında yox, həm də yaddaşın və gələcəyin səhnəsində öz sözünü deməyi bacarır. Bu mərasim Gəncənin üzərinə çəkilən kədər pərdəsinim çəkilməsi üçün yeni ümidlərə qol açdı.