Xəbərlər
“Zəfər Ruhu”
27 Sentyabr – Anım Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı, Pirallahı Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Gənclər və İdman İdarəsi və “Pirallahı Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə keçirilən “Zəfər Ruhu” adlı esse müsabiqəsinə yekun vurulub.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov bildirib ki, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin başlanmasından beş il ötür. Otuz ilə yaxın işğal altında qalan torpaqlar Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin, qazilərimizin canı və qanı bahasına azad edilib: “Əbədiyyətə qovuşan şəhidlərimiz öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırıblar. Hər günü bir qəhrəmanlıq dastanı olan və parlaq səhifə kimi yadda qalan 44 günlük Vətən müharibəsi, ölkəmizin hərbi gücünün, haqq savaşımızın ədalətli mahiyyətinin nümayişinə çevrildi. Şagirdlərin təqdim etdiyi esselərdən də aydın görünür ki, xalqımız qəhrəman oğul və qızlarımızın şücaətini yüksək qiymətləndirir, şəhidlərimizin xatirəsini daim uca tutur”.
Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavinləri Vəzir Səfixanov və Zülfiyyə Məmmədhüseynova, həmçinin Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə sektor müdiri Vüqar Əliyev vurğulayıblar ki, İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərin başlıca amili xalqın, dövlətin və ordunun sıx birliyi oldu: “Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız və ölkəmizin haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin apardığı qarayaxma kampaniyalarına qarşı fədakarcasına mübarizə aparıblar. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları bu prosesdə görünməmiş həmrəylik nümayiş etdiriblər. Ön və arxa cəbhədə yaranan bu sarsılmaz birlik, haqlı olaraq “Dəmir Yumruq” ifadəsi ilə səciyyələndirilir”.
Tədbirin sonunda müsabiqənin qalibləri hədiyyə və fəxri diplomlarla təltif olunublar.
