Xəbərlər
Prezident İlham Əliyev qalib ölkənin lideri kimi BMT kürsüsündən vacib mesajlar verdi

Nigar Məmmədova
Milli Məclisin deputatı
Prezident İlham Əliyevin Nyu-Yorka səfəri vacib görüşlər, yeni əməkdaşlıq imkanları, yüksək səviyyəli sülh mesajları ilə yadda qaldı. Səfər zamanı keçirilən çoxsaylı görüşlər açıq şəkildə Azərbaycanın beynəlxalq arenadakı artan maraq və nüfuzunun göstəricisidir. Ən əsas məsələ bütün görüşlərin qarşı tərəfin təşəbbüsü ilə baş tutması idi. Cənab Prezidentin dünyanın alternativ investisiyalar sahəsində ən böyük idarəedici şirkətlərinin rəhbərləri ilə görüşündə bir daha Azərbaycanın cəlbedici tərəfdaş kimi önəminə diqqət yetirildi. Eyni zamanda, müxtəlif ölkələrin rəhbərləri ilə keçirilən görüşlərdə Azərbaycanın Cənubi Qafqazda sülh və sabitlik təşəbbüskarı kimi mövqeyinin daha da güclənməsi bir daha ön plana çıxdı. Azərbaycanın rolu “tarixi nailiyyət” kimi qiymətləndirildi. Həmçinin, ABŞ Prezidenti Donald Trampın Azərbaycan dövlət başçısı haqda səsləndirdiyi yüksək səviyyəli fikirlər iki lider arasında səmimi münasibətlərin əyani təsdiqi idi.
BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış isə bu səfərin, obrazlı desək, kulminasiyası oldu. Dövlət başçımız bu ali kürsüdən çıxışı zamanı bir çox vacib mesajlar verdi. İlk növbədə qeyd etməliyik ki, 30 il ərzində beynəlxalq ədalət axtarışında olan Azərbaycanın Prezidenti bu dəfə artıq qalib ölkənin lideri kimi dünya ictimaiyyətinin qarşısına çıxdı. “Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam” — deyən dövlət başçımız otuz ilə yaxın müddətdə Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasətinin ağır nəticələrinə diqqəti yönəltdi.
Məhz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin icra edilmədiyini, Ermənistanın beynəlxalq ictimaiyyət tərəfindən heç bir sanksiyaya məruz qalmadığını xatırlatdı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi ilə yanaşı, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar 7 dəfə yüksək səviyyəli bəyanat, eləcə də Baş Assambleyanın “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı iki qətnaməsi kağız üzərində qaldı. Dövlət başçımız, eyni zamanda, 1992-ci ildə münaqişənin həlli üçün təsis edilmiş ATƏT-in Minsk Qrupunun da öz missiyasını yerinə yetirə bilmədiyini bir daha bəyan etdi. Nəhayət, Azərbaycanın 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edərək öz ərazi bütövlüyünü təmin etdiyini bildirdi. Yəni dövlət başçımız BMT qətnamələrinin bu ali təşkilat tərəfindən yox, məhz Azərbaycanın özü tərəfindən icra edildiyini açıq şəkildə bəyan etdi.
Beynəlxalq ictimaiyyət üçün bir daha aydın oldu ki, müharibədən dərhal sonra Ermənistanla münasibətlərdə yeni səhifə açmaq təklifi də Azərbaycandan gəlib. “Biz beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip irəli sürdük, sülh müqaviləsi layihəsini təqdim etdik. Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi” — deyən Azərbaycan Prezidenti Vaşinqtonda əldə olunan tarixi razılaşmaların əhəmiyyətinə, rəsmi Bakının davamlı sülh istiqamətində baxışlarına, Vaşinqton Sammitinin mühüm nəticələrindən biri olan Zəngəzur dəhlizi — TRİPP marşrutuna da diqqət çəkdi. Bir daha Azərbaycanın davamlı sülh istiqamətində real addımlar atdığı bəyan olundu.
Ölkəmizin işğaldan azad olunmuş ərazilərdə uğurla reallaşdırdığı bərpa-quruculuq işləri, eyni zamanda müharibədən ötən 5 il ərzində hələ də davam edən mina terrorunun ağır nəticələri barədə məlumat verən Azərbaycan Prezidenti birinci Qarabağ müharibəsi zamanı itkin düşən 4000-ə yaxın soydaşımızın taleyinə inklüziv, ədalətli və ümumbəşəri cavab tələb etdi.
Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolu, real hədəflərə hesablanan yaşıl keçidə sadiqlik, ölkəmizin ev sahibliyi etdiyi COP29 kimi nüfuzlu tədbirin uğurlu nəticələri Prezidentin BMT gündəliyinin əsas istiqamətlərindən idi.
Dövlət başçımız, eyni zamanda, dünyaya “ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya qurmaq”la bağlı çağırış etdi.