YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin xatirəsi Zərdabda da anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatının, rayon üzrə Gənclər və İdman sektorunun və Gənclər Evi Sosial Xidmət Müəssisəsi ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Günü münasibətilə “Şəhidlərimizlə fəxr edirik!” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev Ümummilli Lider Heydər Əliyevin müasir, qüdrətli Azərbaycan Respublikasının formalaşmasındakı tarixi xidmətlərindən, onun Vətənə və millətə bağlılığından bəhs edib. O qeyd edib ki, bu gün qazandığımız qələbələrin əsasında məhz həmin müdrik və uzaqgörən siyasət dayanır.

İlkin Əliyev çıxışında 27 Sentyabr tarixinin Azərbaycan xalqı üçün dərin mənalar kəsb etdiyini vurğulayaraq bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və uğurlu siyasəti, güclü sərkərdəlik məharəti nəticəsində torpaqlarımız işğaldan azad olunub, xalqımız tarixi ədaləti bərpa edib. O, şəhidlərimizin heç vaxt unudulmayacağını, onların göstərdiyi qəhrəmanlığın gələcək nəsillərə örnək olacağını xüsusi vurğulayıb.

Tədbirdə çıxış edən şəhid valideynləri Qədir Hüseynov və İlham Abbasov, Vətən müharibəsi qazisi Hacı Orucov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Zərdab rayon şöbəsinin sədri Neman Yediyarov, Zərdab Ağsaqqallar Şurasının sədri Rasim Hüseynov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay regional bölməsinin məsləhətçisi Sədi Hüseynov və Zərdab rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Əvəz Soltanov 27 Sentyabr – Anım Gününün Azərbaycan tarixində mühüm əhəmiyyət daşıdığını bildiriblər. Qeyd olunub ki, bu gün şəhidlərimizin göstərdiyi qəhrəmanlıq və fədakarlıqla əbədiləşib.

Çıxış edənlər şəhidlərimizin müqəddəs ruhu qarşısında dərin ehtiramla baş əydiklərini, onların xatirəsinin hər zaman hörmət və minnətdarlıqla yad ediləcəyini bildiriblər.