Xəbərlər
Qusarda Anım Günü münasibətilə tədbir keçirilib

Qusar rayonunda 27 Sentyabr – Anım Günü münasibətilə tədbir təşkil olunub. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatının sədri David İbramxəlilov bildirib ki, 27 Sentyabr Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində əzəmətli bir tarixdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində düşmən üzərində tarixi Qələbə qazandı və bu Zəfər torpaqlarımızın işğaldan azad olunması ilə nəticələndi. O vurğulayıb ki, bu şanlı tarix şəhidlərimizin qanı bahasına yazılıb və onların xatirəsi daim xalqımızın yaddaşında əbədi yaşayacaqdır.
Daha sonra çıxış edən Birinci Qarabağ müharibəsi veteranları, Qusar Bələdiyyəsinin sədri, ehtiyatda olan polis polkovniki Talim Yarmətov və Qusar Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru İmran Qurbanov, Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Qusar filialının sədri Canəli Hörmətov, Vətən müharibəsi qazisi İlkin Abuyev və partiya fəalı Lalə İskəndərova şəhidlərin xatirəsinin daim uca tutulmasının hər bir vətəndaş üçün müqəddəs vəzifə olduğunu bildiriblər. Onlar, eyni zamanda, gənc nəslin milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda tərbiyə edilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə xalqımızın birliyi, dövlətimizin və Ordumuzun gücü, Ali Baş Komandanın qətiyyətli siyasəti nəticəsində mümkün olmuşdur.