YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi dəyişən 44 gün

Əli Hüseynli

Milli Məclisin deputatı

Azərbaycan ictimaiyyəti yaxın günlərdə böyük qürur hissi ilə milli tariximizdə silinməz iz qoymuş 44 günlük Vətən müharibəsinin başlanmasınin beşinci ildönümünü qeyd etməyə hazırlaşır. Dövlətçiliyimizin qorunması, ərazi bütövlüyümüzün bərpası aspektində bu təqvimi dolğun dəyərləndirmək və mahiyyətini tam şəkildə açmaq üçün Qarabağın azadlığı uğrunda müqəddəş savaşa zəmin yaradan tarixi hadisələri xatırlamaq lazım gəlir.

Uzun illər Qarabağ probleminin danışıqlar yolu ilə həllinin alternativinin olmaması ilə bağlı bir çox beynəlxalq təşkilatların, aparıcı dünya dövlətlərinin  ikili standartlara söykənən subyektiv yanaşmalarına baxmayaraq zaman keçdikcə Vətən müharibəsinin qaçılmaz olduğunu şərtləndirən bir sıra ciddi amillər formalaşmışdı. Hələ ötən əsrin 90-cı illərinin sonlarında Ulu öndər Heydər Əliyev sülh danışıqlarında irəliləyişin olmaması səbəbindən Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun fəaliyyətinə tənqidi yanaşmasını ortaya qoymuşdu, onu daha fəal olmağa, real təkliflər verməyə çağırırdı.

Ona görə də 2003-cü ildə Azərbaycana rəhbər seçilmiş Prezident İlham Əliyev problemin həlli ilə bağlı diplomatiyasında hücum taktikasına üstünlük verməklə Azərbaycan xalqının işğal faktoru ilə heç zaman barışmayacağını və torpaqlarımızı azad etmək üçün bütün mümkün vasitələrdən istifadə ediləcəyini dönə-dönə təkrar edərək xəbərdarlıq etmişdir.

Bütün sahələrdə olduğu kimi, Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması istiqamətində də cənab İlham Əliyev hər fürsətdə 25 il ərzində aparılan danışıqlarda işğalçı ilə işğala məruz qalan tərəf üçün eyni məsuliyyət müəyyənləşdirən ATƏT-in Minsk qrupunun fəaliyyətinin heç də məqbul olmadığı ilə bağlı qənaətini bəyan etmişdir.

Bundan əlavə, birinci Qarabağ müharibəsi nəticəsində öz torpaqlarının 20 faizini itirən Azərbaycan BMT Təhlükəsizlik Şurasının1993-cü ildə qəbul etdiyi işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan məlum 822, 853, 874 və 884 saylı 4 qətnaməsinin icra olunması üçün müxtəlif beynəlxalq qurumlar çərçivəsində Ermənistanla  uzunmüddətli diplomatik danışıqlar aparsa da, qarşı tərəfin qeyri-konstruktiv mövqeyi və cəzasızlıq mühiti şəraitində heç bir irəliləyişə nail olunmamışdı.

Bu baxımdan 2016-cı ilin aprel döyüşləri məsələnin hərb yolu ilə həllinin mümkünlüyü barədə qarşı tərəfə və beynəlxalq təşkilatlara ünvanlanmış bir ismarıc idi. Ali Baş Komandan İlham Əliyevin birbaşa rəhbərliyi altında cəmi 4 gün davam edən bu savaşda Cəbrayıl, Füzuli və Ağdərə rayonlarının 2 min hektardan artıq ərazisi azad edilmiş və mühüm strateji mövqe sayılan Lələtəpə yüksəkliyi ordumuzun nəzarəti altına keçmişdir. Bu döyüşlərdə fərqlənmiş hərbçilər qarşısında çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev: ”Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik. Bu bizim əzəli torpağımızdır, tarixi torpağımızdır və biz bu ğün hələ də işğal altında olan bütün torpaqlarımıza qayıdacağıq”, - deyə böyük Qələbənin heç də uzaqda olmadığına inamını ifadə etmişdir. 

Rəsmi İrəvanın işal siyasətindən əl çəkməməsinə və beynəlxalq qurumların bu faktı düzgün dəyərləndirməməsinə baxmayaraq, Azərbaycan bu illər ərzində sülhün və Qarabağ probleminin ədalətli şəkildə, beynəlxalq hüquq normaları çərçivəsində həllinin danışıqlar yolu ilə həllinin tərəfdarı kimi çıxış etmişdir.  Lakin 2018-ci ildə Ermənistanda rəngli inqilab nəticəsində hakimiyyətə gəlmiş baş nazir Nikol Paşinyanın məsuliyyətsiz bəyənatları və Azərbaycanın işğal olunmuş ərazilərinə ardıcıl qanunsuz səfərləri kimi təxribatçı xarakter daşıyan hərəkətləri ilə danışıqlar prosesi dalana dirənərək ciddi şəkildə sarsıldı. Təəssüf ki, bu durğunluğun bir sıra beynəlxalq təşkilatlar, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən susqunluqla qarşılanması onların status-kvonun saxlanılmasında maraqlı olduqlarını bir daha təsdiq etmiş oldu.

Bundan ürəklənən Ermənistanın təxribatı nəticəsində  həmin il mayın 20-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda baş vermiş atışma nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçusu həlak oldu. Qarşılıqlı həmlə ilə ordumuz Ermənistanın 1992-ci ildə işğal etdiyi Günnüt kəndini və bir sıra strateji yüksəklikləri azad etdi.

Təxribatçı əməllərin davamı qismində, 2019-cu ilin mart ayında Ermənistanın müdafiə naziri David Tonoyan ABŞ-da rəsmi səfərdə olarkən, "yeni torpaqlar uğrunda yeni müharibə" çağırışı etdi. Onun “Böyük Ermənistan” xülyasına bağlı bu bəyənatı təmas xəttində bir sıra hərbi təxribatlarla müşaiyət olundu.

Təbiidir ki, Azərbaycan tərəfi xalqın milli maraqlarına və heysiyyatına toxunan bu hərəkətlərə laqeyd qala bilməzdi. 2019-cu il oktyabrın 4-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI iclasının plenar sessiyasında çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev Nikol Paşinyanın bir neşə ay öncə - mayın 9-da Şuşada olarkən “Qarabağ Ermənistandır. Və nöqtə” ifadəsi ilə Ermənistanın yeni hökumətinin danışıqlar prosesinə faktiki olaraq son qoyduğunu bildirərək “Qarabağ Azərbaycandır. Və nida işarəsi” sözləri ilə bu təxribatlara cavab vermişdir.

Lakin öz mənfur niyyətlərindən əl çəkmək istəməyən Ermənistan hakimiyyəti bundan sonra daha təhlükəli addımlara rəvac verdi. İşğalçı ölkənin ordu bölmələri 2020-ci il iyul ayının 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində əlverişli mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərsə də, buna müvəffəq ola bilmədi. Lakin, təəssüf ki, general-mayor Polad Həşimovla bərabər 12 nəfər digər əsgər və zabitimiz şəhid oldu, 1 nəfər mülki şəxs həlak oldu.

Budan bir az sonra -  avqust ayında təmas xəttinin Goranboy rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərmiş, lakin görülən tədbirlər nəticəsində diversiya qrupu itki verərək geri çəkilmiş, qrupun komandiri əsir götürülmüşdür.

Birbaşa hərbi təxribatlarla yanaşı, Ermənistan tərəfindən beynəlxalq hüquqi prinsiplərə zidd olaraq Azərbaycan Respublikasının işğal altındakı ərazilərinə çox sayda YPG, PKK terrorçularının, o cümlədən minlərlə Livan ermənilərinin Ermənistana və işğal ərazilərinə köçürülməsi də Azərbaycanın milli təhlükəsizlik və kəşfiyyat orqanlarının diqqətindən kənarda qala bilməzdi.

Ermənistan rəhbərliyinin bu qəbildən olan təhrikedici bəyanatları və hərəkətləri bir sıra tədqiqatçılar tərəfindən danışıqlar prosesindən tamamilə imtina kimi qiymətləndirilmişdir.  20 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasının nümayəndələri qarşısında çıxışında Ermənistanın təxribatları nəticəsində azərbaycanlı hərbçilərin və 76 yaşlı mülki vətəndaşın həlak olması, habelə mülki infrastruktura vurulan ciddi ziyan qeyd olunmuşdur. O cümlədən, Azərbaycan Respublikasının Prezidenti iyulun 17-dən etibarən sentyabr ayına qədər hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşındığını bildirmişdir. Ali Baş Komandanın bu çıxışı həm Ermənistana, həm də onun havadarlarına son xəbərdarlıq kimi səslənmişdi. 

Lakin buna məhəl qoymayan Ermənistan Silahlı Qüvvələri 27 sentyabr 2020-ci il tarixdə səhər saatlarında Ermənistan Silahlı Qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmuşdur. Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən dərhal “Dəmir yumruq” adı altında qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatına başlaması barədə qərar verilmişdir.

Sentyabrın 27-də Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndinə və 111-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərman imzalamış və həmin Fərmanı təsdiq edilmək üçün Milli Məclisə təqdim etmişdir.  “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə uyğun olaraq Fərman Milli Məclisdə səsə qoyularaq təsdiq edilmişdir. Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başlamışdır. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və şərəf və ləyaqət simvolu kimi “Vətən müharibəsi” adı ilə milli tariximizə əbədi yazılmış İkinci Qarabağ müharibəsinə çevrilmişdir. 

Beləliklə, 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin 30 il davam edən erməni işğalına qarşı başlatdığı və 44 gündən sonra möhtəşəm tarixi Zəfərlə başa çatan Vətən müharibəsi Azərbaycan xalqının qürurunun və Vətən sevgisinin sınağı oldu.  Bu müqəddəs savaş dövlət və dövlətçilik, milli birlik, siyasi həmrəylik və düşmən tapdağı altında qalmış əzəli torpaqlarımızın azadlığı uğrunda mübarizə qələbə ruhunun təcəssümünə çevrildi.

Qazanılan parlaq zəfərin təməlində dayanan əsas amillərdən biri Azərbaycan gənclərinin vətənə, torpağa bağlılığı oldu. Ulu Öndər Heydər Əliyevin müəlllifi olduğu, cənab Prezident İlham  Əliyevin layiqincə davam etdirdiyi dövlət gənclər siyasətinin nəticəsi kimi yeni nəsilin vətənpərvər ruhda yetişməsi torpaqlarımızın azad edilməsində öz sözünü dedi.

Azərbaycan xalqı hər zaman öz şəhidlərinin əziz xatirəsini uca tutur, ehtiramla anır. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən hər il sentyabr ayının 27-nin respublikamızda Anım Günü kimi qeyd edilməsi bayrağımızı işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın əlamətidir.

Düşmənə və onun dünyadakı havadarlarına qarşı bu mücadilədə ölkə Prezidenti, yenilməz Ordumuzun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin ilk gündən nümayiş etdirdiyi qələbə əzmi, mahir siyasətçi və sərkərdəlik məharəti, polad iradəsi, diplomatik səriştəsi, informasiya savaşında opponentlərini ustalıqla məğlub etmək bacarığı Azərbaycan vətəndaşında iftixar hissini yaradan ali keyfiyyətlərdir. Əlbəttə, şübhə yoxdur ki, zaman ötdükcə Vətən müharibəsinin mahiyyəti və fəlsəfəsi araşdırıldıqca, hər kəs onun tariximizi, milli varlığımızı, dövlətçilik ənənələrimizi, mənəvi dünyamızı necə dəyişdiyinin daha çox fərqində olacaq, bunu daha dərindən dərk edəcək. Və “Qarabağ Azərbaycandır!” ifadəsi bir reallıq olaraq Ulu öndər Heydər Əliyevin ən ümdə vəsiyyətinə sədaqət andı kimi əbədi olaraq səslənəcəkdir.