YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Anım Gününün beşinci ildönümü ilə bağlı Şəmkirdə tədbir keçirilib

27 Sentyabr – Anım Gününün beşinci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatında dəyirmi masa keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, 27 Sentyabr – Anım Günü hər bir azərbaycanlı üçün həm hüzn, həm də qürur günüdür:

“Bu gün biz qəhrəman şəhidlərimizi yad edir, onların ruhu qarşısında baş əyirik. Eyni zamanda fəxr edirik ki, Azərbaycan xalqı bir yumruq kimi birləşərək öz torpaqlarını işğaldan azad etdi”.

O, həmçinin 2025-ci ilin "Konstitusiya və Suverenlik ili" elan olunmasının əhəmiyyətindən bəhs edərək bildirib ki, bu təşəbbüs Azərbaycan dövlətçiliyinin hüquqi əsaslarının möhkəmləndirilməsi və müstəqillik dəyərlərinin təbliği baxımından böyük tarixi önəm daşıyır.

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva çıxışında 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən danışıb. O, bu zəfərin əldə olunmasında şəhidlərimizin və qazilərimizin göstərdiyi misilsiz fədakarlığı xüsusi vurğulayıb və Anım Gününün dövlət və xalq üçün önəmini qeyd edib:

“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşməni darmadağın edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Bu Qələbə xalqımızın tarixinə qızıl hərflərlə yazılıb”.

Digər çıxış edən natiqlər də Anım Gününün yalnız şəhidlərin xatirəsinin ehtiramla yad edilməsi deyil, eyni zamanda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və milli birliyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Sonda tədbir iştirakçıları şəhid ailələri və qazilərə göstərilən dövlət qayğısı barədə danışıblar. Onlar bu kateqoriyadan olan insanların daim cəmiyyətin diqqət mərkəzində saxlanılmasının vacibliyini qeyd ediblər.

Qeyd edək ki, Anım Günü ilə əlaqədar YAP Şəmkir rayon təşkilatı və Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən 27 Sentyabr - Anım Günü ilə əlaqədar rayon Şəhidlər xiyabanının yaşıllıq üçün nəzərdə tutulan ərazilərində ağacəkmə aksiyaları keçirilib.

DİGƏR Xəbərlər Arxiv