YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabunçuda Dövlət Suverenliyi Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində 20 sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Həsənli, Milli Məclisin deputatı Azər Allahverənov, şəhid ailələri, qazilər, müharibə veteranları, eləcə də rayonun təhsil, səhiyyə, idman, gənclər, mədəniyyət müəssisələri və xidmət sahələrinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi yad edilib.

Ardınca Dövlət Suverenliyi Günü ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilib.

Giriş sözü ilə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov qeyd edib ki, Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu yalnız beynəlxalq hüquqi sənədlərlə deyil, həm də xalqın qəhrəmanlıq mübarizəsi ilə təmin olunub: “2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən Vətən müharibəsi müasir tariximizdə dönüş nöqtəsi olub. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini darmadağın edərək torpaqlarımızı işğaldan azad edib. 2023-cü il sentyabrın 19-20-də isə şanlı ordumuz Qarabağ iqtisadi rayonunda separatçıların təxribatlarına cavab olaraq lokal xarakterli antiterror tədbirləri həyata keçirib. 23 saat 43 dəqiqə davam edən bu əməliyyat nəticəsində ölkəmizin bütün əraziləri üzərində dövlət suverenliyi təmin edilib”.

A.Xudadanov əlavə edib ki, bu hadisə təkcə hərbi-siyasi deyil, həm də tarixi və mənəvi baxımdan dövlətçiliyimizin möhkəmlənməsində mühüm mərhələdir.

Milli Məclisin deputatı Azər Allahverənov, Vətən müharibəsi qazisi, ehtiyatda olan polkovnik-leytenant Muraz Sadıqov və Ramana qəsəbəsindəki 338 nömrəli tam orta məktəbin direktoru Fərid Ağalıyev çıxışlarında vurğulayıblar ki, müstəqillik və suverenlik yalnız hüquqi-siyasi anlayış deyil, eyni zamanda xalqın milli kimliyini, tarixi varlığını və mədəni dəyərlərini təsdiqləyən ən ali dəyərdir. Qeyd edilib ki, Dövlət Suverenliyi Günü xalqımızın keçdiyi çətin, lakin şərəfli mübarizə yolunun gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam etdirilib.