Xəbərlər
Xətaidə 20 sentyabr - Neftçilər Gününə həsr olunmuş tədbir keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində SOCAR-ın Neftqaztikinti trestində Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 20 sentyabr - Neftçilər Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri düzüblər.
Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev 20 sentyabr – Neftçilər Gününün müasir Azərbaycan tarixində xüsusi əhəmiyyətə malik olduğunu bildirib. Təşkilat sədri qeyd edib ki, məhz Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi neft strategiyası dövlətimizin siyasi və iqtisadi inkişafının dayağına çevrilib. Enerji siyasətində qazanılan uğurlar Prezident İlham Əliyevin uğurlu rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyub.
Ramil Mirzəyev bu peşə bayramının həm də neftçilərin zəhmətinə verilən yüksək dəyərin göstəricisi olduğunu vurğulayaraq onlara yeni uğurlar arzulayıb.
Çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, neft sənayesi tariximizin ayrılmaz hissəsi olmaqla yanaşı, dövlət müstəqilliyinin möhkəmləndirilməsində, ölkəmizin iqtisadi qüdrətinin artırılmasında xüsusi rol oynayıb: “Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq ölkəmiz uzun illərdir ki, beynəlxalq enerji xəritəsində etibarlı tərəfdaşa çevirib. Neftçilərimizin fədakar zəhməti sayəsində enerji sahəsində mühüm nailiyyətlər qazanılıb. Bu münasibətlə bütün neftçilərimizi təbrik edir, onlara uğurlar arzulayıram”.
Milli Məclisin deputatı Zahid Oruc qeyd edib ki, neft sənayesi təkcə iqtisadi sahə deyil, həm də ölkəmizin siyasi müstəqilliyinin dayaqlarından biridir: “XX əsrin sonlarında imzalanan “Əsrin müqaviləsi” bu istiqamətdə dönüş nöqtəsi olub. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı mövqe tutur. Neftçilərin fəaliyyəti milli maraqların qorunması, ölkə iqtisadiyyatının güclənməsində mühüm əhəmiyyət daşıyır”.
Milli Məclisin Pərvanə Vəliyeva vurğulayıb ki, 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın enerji siyasətini tamamilə yeni mərhələyə çıxarıb. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və Prezident İlham Əliyevin qətiyyətli addımları nəticəsində irimiqyaslı enerji layihələri reallığa çevrilib.
SOCAR-ın Neftqaztikinti trestinin müdiri Qağaməli Seyfullayev peşə bayramı münasibətilə neftçiləri təbrik edib. O bildirib: “Bu peşə sahiblərinin fədakarlığı və zəhməti sayəsində neft-qaz sənayesi yeni texnologiyalara əsaslanaraq sürətlə inkişaf edir. Tikinti, hasilat, emal və nəql sahələrində həyata keçirilən layihələr ölkəmizin enerji potensialını daha da gücləndirir”.
Çıxış edən şəhid ataları - Xətai Rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov və Meyvəddin Ramaldanov diqqətə çatdırıblar ki, 20 sentyabr – Neftçilər Gününün təmtəraqla qeyd edilməsi dövlətimizin gücünü, iqtisadi qüdrətini və xalqımızın əzmkarlığını nümayiş etdirir. Onlar qeyd ediblər ki, neftçilərimizin fədakar əməyi sayəsində bu sahədə əldə edilən uğurlar müstəqilliyimizin möhkəmlənməsində mühüm rol oynayıb.
Tədbirdə neftçilərin peşə bayramı münasibətilə Yeni Azərbaycan Partiyasının üzvü olan bir qrup SOCAR əməkdaşı hədiyyələrlə təltif edilib. Həmçinin, YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim olunub.
Sonra dövlətimizin neft strategiyasına həsr olunmuş film nümayiş etdirilib.
Tədbirə Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekun vurulub.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirib.