YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi zəfərlər xalq-iqtidar-ordu birliyi nəticəsində qazanılıb

Əfsun Sucayev

YAP İdarə Heyətinin üzvü, professor

20 sentyabr tarixində bir-biri ilə üzvü əlaqəli iki möhtəşəm və tarixi günü qeyd edirik. Ölkəmizin hər qarışını bütövləşdirən Dövlət Suverenliyi Günü və bu suverenliyə bizi çatdıran Əsrin müqaviləsinin imzalandığı “Neftçilər Günü”.

Bunları nədənsə bir-birindən ayrı təsəvvür edə bilmirəm. Çünki Ümummilli Liderin uzaqgörənliyinin və məqsədyönlü siyasətinin məntiqi nəticəsi olan “Əsrin müqaviləsi” olmasaydı, bu gün ərazi bütövlüyündən bu qədər ağızdolusu danışa bilməzdik. Müstəqil ölkəmizə güclü iqtisadiyyat, güclü ordu və xalqın birliyini verən, məhz, o şah əsərdir. Bütün bunların sinergetik təsirini dəmir yumruğa çevirən Müzəffər Ali Baş Komandan İlham Əliyev prinsipiallığı, inadkarlığı və özünə, xalqına hədsiz inamı ilə respublikamızı minlərlə, onminlərlə millətlərin, xalqların, etnik qrupların arzuladığı, ancaq və lakin 195 ölkənin sahib ola bildiyi müstəqillik, suverenlik, ərazibütövlüyü kimi ali dəyərlərə de-fakto çatdıra bildi.

Əgər məndən soruşsalar 2023-cü il sentyabrın 19-20d-a erməni silahlı dəstələrinin törətdiyi təxribatlarına qarşı Azərbaycan Ordusunun bölgədə lokal xarakterli antiterror əməliyyatını zəruri edən başlıca amil nə idi, onda cavabım birmənalı o olar ki, 44 günlük Vətən Müharibəsində işimizin yarımçıq qalması idi. Axı işimiz necə bitmiş olardı ki, Qarabağ separatizminin toxumlarının səpildiyi, ordan da bütün regionu qan çanağına çevirən Xankəndi və ona bitişik ərazilərdə seperatçı erməni tör-töküntüləri qalacaq və Xocalı, Qaradağlı, Meşəli, Malıbəyli, Bağanis Ayrım, Ağdaban, Başıbelli və sair, və ilaxır soyqırımlarını, faciələrini yaşamamış kimi yenə onlarla qonşuluq edib, qaynayıb-qarışacağıq. Azərbaycanlılar bunu edər. Tarix dəfələrlə sübut edib ki, erməni pisliyini tez unudan uca xalqımız “uzaq qohumdansa, yaxın qonşu yaxşıdır” devizinin nankor ermənilər üçün də keçərli olduğuna sadəlövcəsinə inanıb. Amma söhbət Cənubi Qafqaza gəldikdə türklər demişkən dəngələr dəyişir, əksinə həmişə xalqımıza qarşı pislikləri yaxın şimal, cənub, qərb qonşularımızdan, ələlxüsus, ermənilərdən görmüşük.

Ötən gün Xankəndi şəhərinin erməniəsilli sakini çörəyi dizi üstə olan Karen Avanesyanın terror törətməyə cəhd etməsi onu deməyə əsas verir ki, yaxşıki cəmi 23 saat 43 dəqiqəyə başa çatan və erməni separatizminə son qoyan, onu tarixin cəhənnəminə göndərən dillərə dastan antiterror əməliyatı keçirilib. Ancaq bütün dünya da şahidlik etdi ki, biz bütün tarix boyu olduğu kimi bu dəfə də dinc sakinlərinə toxunmadıq, malına, mülkünə zərər vermədik, namusuna əl uzatmadıq, ən əsası məsum insanların canına qıymadıq. Hətta onların yenə də Azərbaycan vətəndaşlığını qəbul etmək şərtiylə şəhərlərimizdə, kəndlərimizdə qalıb yaşamalarına razılıq verdik. Lakin pis vərdişlərindən əl çəkməyən bu nanəciblər hər fürsəttdə ziyanverici əməllərini işə salaraq, Vətən müharibəsinin nəticələrindən dərs almayaraq yenə də onlarla, yüzlərlə günahsız canlara qıydılar, onları mina qurbanlarına çevirdilər. Nəticə etibarilə Azərbaycan Ordusuna başqa seçim imkanı tanımadılar. İgid və qəhrəman oğullarımız bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Heç bir gün belə çəkməyən bu əməliyatdan sonra dil pəhləvanı olan erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular, özləri də həmişə arzuladıqları Bakıya Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasında çay içməyə gətirildilər. Son nəticədə, Qarabağda yerləşən qeyri-qanuni silahlı birləşmələr tərk-silah edildi, separatçı rejim ləğv olundu və Azərbaycanın dövlət suverenliyi də tam bərpa edildi. Düzdür, şəhidlərimizin, qazilərimizin canı-qanı bahasına çoxuna əlçatmazgörünən bu məqsədimizə çatdıq. Amma silahlı toqquşma zamanı 200-ə yaxın hərbi qulluqçumuzun şəhid olması, yüzlərlə qəhrəmanımızın yaralanıb qazi olması, o cümlədən şəhid olanların 39-nun zabit, 23-nün gizir, 23-ü çavuş, digərlərinin isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olan əsgərlər və sıravi əsgər (çağırışçı) olması ürəyimizi ağrıtdı, xalqımızı böyük kədərə boğdu. Amma nə yazıq ki, azadlıq, suverenlik heç nədən verilmir, belə qəhrəmanlarımızın canları, qanları ilə alınır.

Müasir tariximizi şərəfləndirən, qürur mənbəyinə çevirən belə böyük tarixlər haqqında hər dəfə yazmaqda, danışmaqda böyük fayda görürəm. Yəni yetişən gənc nəsli marifləndirmək, məlumatlandırmaq acı tariximizdən iki mühüm nəticəni çıxarmağa kömək edəcək: bundan sonra eməni pisliyini heç vaxt unutmamaq, igid qəhrəmanlarımızı isə qəlbimizdə əbədi yaşatmaq.

Sevinirəm ki, dövlət suverenliyinin növbəti ildönümündə xalqımıza böyük sevinclər bəxş olunmaqdadır. Həmin sevincli hadisələr içərisində isə istər Vətən müharibəsi, istərsə də anterror əməliyatında şəhadətə ucalan şəhidlərimizin ruhunu ən çox şad edən heç şübhəsiz “Qarabağ” futbol komandamızın bu günlərdə Avropanı fəth edərək, möcüzəli oyunu ilə xalqın mübarizlik, məğlubiyyətlə barışmamaq, sona qədər mübarizə aparmaq ruhunun yaşıl meydanda futbol formasında təcəssüm etdirərərk qələbə əldə etməsi oldu. “Qarabağ”ın cəngavərlərinin hər bir zərbəsi həm də şəhidlərimizin, qazilərimizin qəhrəmanlıqlarını qitədən qitəyə bütün dünyaya təkrar nümayiş etdirdi. Heç şübhəsiz döyüşkən futbolçularımıza həmin güc-qüvvəti verən cənab prezidentin tez-tez dilə gətirdiyi “məğlubiyyətlə barışmamaq, qələbəyə inanmaq” fikirlərini sözdən əmələ keçirmək hisslərinin qüdrəti idi. Ona görə bu təkcə bir futbol oyunu deyildi. Bu, qalibiyyət həm Vətən Müharibəsi, həm antiterror əməliyyatından əvvəldə olmuş mübarizlik ruhunun yenidən doğulması idi. Bu, döyüşkənlik, əzm, inad, vətən sevgisi xalqımızın möhtəşəm birliyindən qaynaqlanan məsələdir. Bu, xalqın, millətin canındadır, qanındadır.