YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Konstitusiya və Suverenlik-Milli İradənin Təntənəsi”

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar olaraq “Konstitusiya və Suverenlik-Milli İradənin Təntənəsi” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri anılıb.

Sonra YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş videoçarx nümayiş etdirilib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov, YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov, Milli Məclisin deputatı Mahir Süleymanlı və Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov əvvəlcə “Konstitusiya və Suverenlik İli”nin əhəmiyyəti haqqında danışıblar. Qeyd olunub ki, dövlət suverenliyi Azərbaycanın mövcudluğunun əsasıdır. Müstəqil dövlətin mövcudluğu yalnız hüquqi sənədlərlə deyil, xalqın siyasi iradəsi, milli həmrəyliyi və institusional davamlılığı ilə təmin olunur. Məhz buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2024-cü ilin sentyabr ayının 19-da imzalanmış “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam yalnız bir inzibati akt deyil, tarixi və siyasi mahiyyətinə görə milli dövlətçilik salnaməsinin ən mühüm hadisələrindən biri hesab olunur. Müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsi və suverenlik ideyasının milli ideologiyanın mərkəzinə yerləşdirilməsi Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri ilə bilavasitə bağlıdır.

Qeyd olunub ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycanı xaosdan, parçalanma və dövlətçiliyin süqutu təhlükəsindən xilas edərək suverenliyin real məzmununu təmin etdi. Onun rəhbərliyi ilə qəbul olunan milli Konstitusiya, dövlət institutlarının qurulması, ordunun yaradılması, xarici siyasətdə balanslı kursun müəyyənləşdirilməsi və neft strategiyası Azərbaycanın müstəqil, suveren dövlət kimi möhkəmlənməsinin ideoloji və siyasi əsaslarını formalaşdırdı. Ulu Öndərin siyasi kursunun davamı olaraq Prezident İlham Əliyev müasir dövrdə dövlət suverenliyini daha da möhkəmləndirdi, onu regional və beynəlxalq miqyasda nümunəvi inkişaf modeli səviyyəsinə qaldırdı. 2020-ci ildə əldə olunan tarixi Zəfər – Qarabağın işğaldan azad olunması dövlət suverenliyinin bərpası, milli iradənin və dövlət ideologiyasının təntənəsi oldu. Bu qələbə suverenliyin yalnız hüquqi anlayış deyil, real siyasi və hərbi gücün ifadəsi olduğunu sübut etdi. 2023-cü il 19–20 sentyabr tarixlərində Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatı isə dövlət suverenliyinin bərpası prosesində son və həlledici mərhələ kimi tarixə düşdü. Müasir dövrdə qloballaşma prosesləri milli dövlətlərin suverenliyinə ciddi təzyiqlər göstərir. Lakin Azərbaycan nümunəsi göstərir ki, güclü siyasi iradə və xalqın milli həmrəyliyi ilə bu təzyiqlərə qarşı durmaq mümkündür.

Çıxışlardan sonra partiya fəallarına fəxri fərman, YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.