YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəsimidə ali məktəblərə yüksək balla qəbul olunan gənclərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının, Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) və Nəsimi Rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə 2024–2025-ci tədris ilində rayon üzrə ali məktəblərə yüksək balla qəbul olunan gənclərlə görüş keçirilib.

Tədbir iştirakçıları əvvəlcə RİH-in binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Zahid Xəlilov ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunları və onların valideynlərini təbrik edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu təhsil strategiyası və Prezident İlham Əliyevin bu sahədə mütərəqqi islahatları nəticəsində ölkəmizdə yeni düşüncəli və savadlı gənc kadrlar yetişib. Vurğulanıb ki, Ulu Öndərin “Təhsil millətin gələcəyidir” kəlamı isə müasir Azərbaycanın inkişaf strategiyasında təhsilin aparıcı istiqamət olduğunu bir daha təsdiqləyir.

Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski diqqətə çatdırıb ki, elm və təhsil quruculuğunda müasir çağırışlar nəzərə alınır, dövlət başçısının müəyyənləşdirdiyi “Maddi dəyərlərin, iqtisadi potensialın insan kapitalına çevrilməsi” prinsipi ardıcıl şəkildə həyata keçirilir. O qeyd edib ki, gənclər elmin yeni tendensiyaları ilə yaxından tanış olur və bu amil onların sağlam rəqabətli mühitdə formalaşmasına mühüm töhfə verir.

YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov isə çıxışında elm və təhsil yolunun gənclərin həyatında əvəzsiz rol oynadığını vurğulayıb. O, yüksək nəticə göstərən məzunları gələcəyin ümidverici istedadları kimi qiymətləndirərək onlara təhsil həyatında uğurlar arzulayıb.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, RİH başçısının müavini Ramiz Quliyev, YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva, həmçinin Saleh Poladi adına 159 nömrəli tam orta məktəbin direktoru Gülşən Novruzova ölkədə elm və təhsil siyasətində həyata keçirilən islahatların mühüm nailiyyətlərindən danışıblar.

Yüksək bal toplayan məzunlardan Gülay Mürvətova, Mübariz Əhməd, Əliəkbər Babayev, eləcə də valideynlərdən Rəşad Mürvətov ölkə rəhbərliyinə təhsil sahəsinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Daha sonra cari tədris ilində ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən gənclərə hədiyyələr təqdim olunub.

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirib.

DİGƏR Xəbərlər Arxiv