YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ulu Öndər Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin Naxçıvan dövrü”

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının inzibati binasında “Ulu Öndər Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin Naxçıvan dövrü” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev bildirib ki, 1990-cı illərin başlanğıcında blokada şəraitində olan Naxçıvan Muxtar Respublikası (MR) taleyin ümidinə buraxılmışdı: “Ölkədə yaranmış anarxiya və xaos vəziyyətindən istifadə edən Ermənistan rəhbərliyi SSRİ-nin siyasi və hərbi rəhbərliyindən dəstək alaraq Azərbaycana qarşı təzyiqlərini getdikcə artırırdı. Vəziyyətin bu qədər gərgin olmasına baxmayaraq, Naxçıvan əhalisi bütün sahələrdə çətinliklərə müqavimət göstərir, muxtar respublikanın ərazi bütövlüyünü qorumaq üçün mərdliklə mübarizə aparırdı. Bu cür çətin və mürəkkəb bir dövrdə Ulu Öndər Heydər Əliyev kimi böyük təcrübəyə malik dövlət xadimi Moskvadan Azərbaycana, oradan isə 1990-cı il iyulun 22-də Naxçıvana gəldi".

Q.Əliyev qeyd edib ki, 1990-cı il noyabrın 17-də Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə öz işinə başlamışdır: “Həmin sessiyada Azərbaycanın müstəqilliyi və suverenliyi üçün tarixi qərarlar qəbul edilmişdir. Belə ki, təcrübəli dövlət xadiminin təklifi ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarılmış, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı 70 ildən sonra ilk dəfə Naxçıvanda qaldırılmış, Azərbaycanın Ali Soveti qarşısında bu bayrağın rəsmi dövlət bayrağı kimi təsdiq edilməsi üçün vəsatət irəli sürülmüşdür. 3 sentyabr 1991-ci ildə Naxçıvan MR Ali Məclisinin növbədənkənar sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilən Ulu Öndər ilk növbədə MR-i erməni təcavüzündən xilas etmiş, blokada şəraitində gələcək inkişafın böyük təməllərini atmışdır”.

YAP fəalları Amin Şamilzadə, Türkanə Əliyeva, Elmir Rzayev və Cahid Mirzəliyev çıxışlarında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda aqrar sahənin böhrandan çıxarılması, iqtisadiyyatın dirçəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, həmçinin Ümummilli Liderin Yeni Azərbaycan Partiyasının yaradılmasında mühüm xidmətlərindən danışıblar.

Tədbirdə bir daha qeyd olunub ki, Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, regionda və dünyada nüfuzunun artmasında Ulu Öndərin müstəsna xidmətləri var. Bu gün müasir, qüdrətli Azərbaycan dövləti dünya birliyində öz layiqli yerini tutub. Prezident İlham Əliyev Heydər Əliyev ideyalarına söykənərək ölkəmizin daha yüksək zirvələri fəth etməsi üçün uğurlu siyasət aparır.

DİGƏR Xəbərlər Arxiv