Xəbərlər
YAP Biləsuvar rayon təşkilatının nümayəndələri şəhid anasını ziyarət ediblər
Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının nümayəndələri partiya veteranı, uzun illər səhiyyə sahəsində çalışmış, şəhid anası Əzizə Babakişi qızı Haxverdiyevanı rayonun Ağayrı kəndində yaşadığı ünvanda ziyarət ediblər.
Görüşdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Heydər Əliyev Mərkəzinin direktoru Səyalə Şahbazova, Ağayrı kənd ərazi partiya təşkilatının sədri Fərhad Əhmədli və təşkilatın əməkdaşları iştirak ediblər.
Görüşdə təşkilat sədri Kamil Qurbanlı partiyanın bugünkü uğurlarında təməli möhkəm qoymuş, təşkilati işlərə məsuliyyətlə yanaşan veteran üzvlərin xidmətlərinin əvəzsiz olduğunu vurğulayıb. Əzizə Haxverdiyevanın rayonun ictimai-siyasi həyatında, səhiyyə sahəsində və partiya fəaliyyətində göstərdiyi xidmətlər xüsusi qeyd olunub.
Söhbət zamanı şəhid Cavid Haxverdiyevin şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib. Bildirilib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi Birinci Qarabağ müharibəsi şəhidlərinin qisasının alınması deməkdir. YAP Biləsuvar rayon təşkilatının sədri dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışaraq qeyd edib ki, Vətən uğrunda qəhrəmancasına vuruşaraq şəhid olan igid oğullarımıza dövlət və xalq daim minnətdar olacaq.
Biləsuvar rayonunun ən qocaman YAP üzvü olan Əzizə Haxverdiyeva da öz xatirələrini bölüşərək YAP rayon təşkilatının təsis yığıncağı barədə maraqlı məlumatlar verib. Görüş iştirakçıları veteran partiya üzvünün dəyərli fikirlərindən məmnunluq duyduqlarını bildiriblər.
Sonda şəhid anası və partiya veteranı Əzizə Haxverdiyeva YAP Biləsuvar rayon təşkilatının fəaliyyətində uzunmüddətli xidmətlərinə görə “Təşəkkürnamə” ilə təltif olunub, ona xatirə hədiyyəsi təqdim edilib.
