YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülh, sabitlik və əməkdaşlıq amili

Elçin Quliyev

YAP Nərimanov rayon təşkilatının sədri

Azərbaycanla Türkmənistan bir ağacın iki qoludur, yəni dost və qardaş dövlətlərdir. Ölkələrimizi tarixdən gələn ənənələr və dəyərlər birləşdirir. Müstəqillik illərində isə hər iki ölkənin güclü iradəsi nəticəsində qarşılıqlı əlaqələr daha da möhkəmlənib. Avqustun 22-də Prezident İlham Əliyevin Türkmənistana səfəri, səfər zamanı keçirilən görüşlər, aparılan müzakirələr münasibətlərin inkişafı baxımından böyük perspektivlər vəd edir.

İkinci Qarabağ müharibəsindən sonra, təkcə Cənubi Qafqazda deyil, Mərkəzi Asiyada siyasi nizamın formalaşması istiqamətində mühüm siyasi addımlar atılır. Artiq Cənubi Qafqaz və Mərkəzi Asiya siyasi -iqtisadi, nəqliyyat və enerji sahəsində birgə mərkəz rolunda çıxış edir. İki regionun birləşməsi, Xəzər regionunu formalaşmasına gətirib çıxarır.

Prezident İlham Əliyevin Türkmənistana səfəri çərçivəsində Füzuli və Arxadağ şəhərlərinin qardaşlaşma protokolunun imzalanması iki xalq arasında tarixi qardaşlıq əlaqələrinin rəmzi ifadəsi kimi dəyərləndirilir. Türkmənistanın hədiyyəsi olaraq Füzulidə məscidin inşası barədə razılaşma isə xalqlarımızın dini-mənəvi dəyərlər əsasında yaxınlığını daha da gücləndirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan və Türkmənistan xalqları dini, milli, mənəvi baxımdan əsrlərdir ki, bir-birinə bağlıdırlar və bu gün həmin ənənələr dövlətlərarası münasibətlər səviyyəsində davam etdirilir.

Prezident İlham Əliyevin Türkmənistana səfəri zamanı imzalanan sənədlər iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək və qarşılıqlı münasibətlərimizin inkişafında yeni mərhələnin əsasını qoyacaq.

Azərbaycan Prezidentinin səfəri çərçivəsində Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə imzalanan sənədlər həm də iki region arasında geosiyasi, iqtisadi və mədəni əməkdaşlığın inkişafına güclü təkan verir. Bu kontekstdə yanaşsaq, Türkmənistan, Azərbaycan və Özbəkistan arasında razılaşdırılan nəqliyyat-logistika memorandumu region üçün strateji əhəmiyyət daşıyır. Bakı və Türkmənbaşı limanlarının imkanlarının birləşdirilməsi, dəmir yolu xətlərinin inteqrasiyası, tranzit və bərə daşımalarının inkişafı “Böyük İpək Yolu”nun bərpasına xidmət edir. Bu, həm region ölkələrinin iqtisadiyyatını gücləndirəcək, həm də Avropa ilə Asiyanı birləşdirən yeni ticarət marşrutlarının daha səmərəli işləməsinə şərait yaradacaq.

Ölkələrimizin qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni vəzifələr və imkanlar durur. Bunların arasında Orta Dəhliz, limanların genişləndirilməsi, dəmir yolu məsələlərini biz bu gün hörmətli qardaşım Qurbanqulu Məlikquliyeviçlə geniş müzakirə etdik. Bu məsələləri Şavkat Miromonoviçlə də son görüşümüzdə müzakirə etmişik. Yəni, üç ölkənin nəqliyyat, tranzit, logistika istiqamətində birgə səylər göstərməsi nəinki ölkələrimiz üçün, böyük region üçün mühüm əhəmiyyət daşıyacaq.

Xüsusi vuğulamaq lazımdır ki, Türkmənistan Prezidentinin və bütün türkmən xalqının adından Prezident İlham Əliyevə “Axaltəkə” atının hədiyyə olunması isə münasibətlərin dostluq və qarşılıqlı etimad müstəvisində inkişaf etməsinin təzahürüdür.

Türk dövlətləri Təşkilatının üzvlərinin aktiv siyasi əməkdaşlığı inkişaf etdirməsi təhlükəsizlik çağırışlarını düzgün qiymətləndirməsindən irəli gəlir. Cənubi Qafqaz və Mərkəzi Asiyanın siyasi birləşməsində Türkiyə və Azərbaycan prezidentlərinin mühüm rolu var. Təbii ki, Azərbaycan prezidenti İlham Əliyevin regionda apardığı siyasət Ermənistanla sülh istiqamətində mühüm irəliləyişlərin əldə edilmesi, yeni siyasi proseslərin başlanmasına səbəb oldu. Xüsusilə, Zəngəzur dəhlizinin açılmasının razılaşdırılması, regional transformasiyanı gücləndirir. Bu səfər çərçivəsində razılaşdırılan əsas layihələrdən biri Lapis-Lazuri dəhlizinin Zəngəzur dəhlizinə qoşulması və Cənub Şərqi Asiya ilə Avropanı birləşdirən əsas nəqliyyat marşrutu olacaq.

Demək olar ki, Türkmənistan son 30 ildə öz enerji qaynaqlarını birbaşa Qərbə çıxarmağa və quru əlaqəsinə malik ola biləcək. Xüsusilə, Azərbaycan prezidentinin Türkmənistana səfəri və əldə olunmuş razılaşmalar Avropa İttifaqı və ABŞ-ın birbaşa dəstək verdiyi mühüm səfər idi. Eyni zamanda, Mərkəzi Asiya və Cənubi Qafqaz eyni region olaraq beynəlxalq iqtisadi-nəqliyyat və enerji mərkəzi rolunda çıxış edəcək.

Bu səfər bir daha göstərdi ki, Azərbaycan regional əməkdaşlıqda təşəbbüskar mövqeyini qoruyur, xüsusilə Mərkəzi Asiya ölkələri ilə yeni strateji tərəfdaşlıq formatları quraraq enerji, nəqliyyat və təhlükəsizlik sahələrində çoxtərəfli əməkdaşlığı dərinləşdirmək niyyətindədir. Nəticə etibarilə görüşün məzmunu həm regional sabitliyə, həm də qlobal nəqliyyat və enerji xəritəsinə mühüm təsir göstərə biləcək addım kimi dəyərləndirilə bilər.