YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Dinamik inkişaf və siyasi sabitlik

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Azad edilmiş ərazilərimizdə məcburi köçkünlərin mərhələli şəkildə yurd-yuvalarına qayıdışı Böyük Qayıdış Proqramının əsas istiqamətini təşkil edir. Proqramın birinci mərhələsi çərçivəsində qarşıya qoyulan hədəf 2026-cı ilədək 140 min sakinin öz doğma torpaqlarına qayıdışının təmin edilməsidir. Artıq Qarabağ və Şərqi Zəngəzurda 50 mindən çox insan yaşayır. Buraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bölgədə fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları, səhiyyə, təhsil, mədəniyyət, sənaye və energetika müəssisələrində çalışan işçilər, həmçinin tələbələr də daxildir.

Prezident İlham Əliyev avqustun 21-də Kəlbəcərə səfəri zamanı şəhərdə inşa edilən birinci yaşayış kompleksində yaradılmış şəraitlə tanış olub, sakinlərlə görüşüb. Dövlət başçısı qeyd edib ki, birinci mərhələdə Kəlbəcərdə dörd yaşayış kompleksi tikiləcək və həmin binalarda 10 mindən çox insan məskunlaşacaq. Bu, Böyük Qayıdış Proqramının uğurla həyata keçirildiyinə bariz nümunədir.Azərbaycanın qarşıya qoyduğu hədəflərə vaxtında nail olması ölkəmizin möhkəm siyasi iradəsini və gücünü nümayiş etdirir. Prezident İlham Əliyev Kəlbəcər sakinləri ilə görüşündə 30 illik işğal dövrünə, 44 günlük İkinci Qarabağ müharibəsinə və postmünaqişə reallıqlarına diqqət çəkərək vurğuladı ki, xalqla iqtidarın birliyi, hərbi Zəfərimiz və vətənpərvərlik ruhu bütün dünyaya Azərbaycanın güclü dövlət olduğunu sübut etdi.

Avqustun 21-i Azərbaycan tarixində yeni uğur səhifəsi kimi yadda qaldı. Kəlbəcərlilərin doğma yurda dönüşü təkcə bir qayıdış deyil, həm də yeni həyatın başlanğıcıdır. Rayon ərazisində aparılan bərpa-quruculuq işlərinin miqyası olduqca genişdir. dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirak etdiyi açılış və təməlqoyma mərasimləri bunu bir daha təsdiqləyir.

Tarixi reallıqlar göstərir ki, 30 illik işğal dövründə ATƏT-in Minsk qrupunun həmsədrləri – Fransa, Rusiya və Amerika münaqişəni həll etmək əvəzinə, onu dondurmağa çalışırdılar. Prezident İlham Əliyev Kəlbəcər şəhərindəki çıxışında qeyd etdi ki, həmin dövrdə işğalçı Ermənistana heç bir sanksiya tətbiq olunmadı, əksinə, ona dəstək göstərildi. Nəticədə problem yalnız güc yolu ilə həllini tapdı. 2020-ci ilin 8 noyabrında əldə edilən Böyük Zəfər və 2023-cü ilin 19-20 sentyabrında keçirilən antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etdi. Ermənistan kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı və separatçı xunta birdəfəlik məhv edildi. Bu gün Azərbaycan xalqı sülh şəraitində yaşayır və beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirib.

Tarixi Zəfərdən sonrakı əsas vəzifə işğaldan azad edilmiş torpaqların bərpası və soydaşlarımızın geri dönüşünün təmin edilməsidir. Kəlbəcərdə və digər rayonlarda həyata keçirilən quruculuq işləri, inşa olunan yeni binalar, sosial infrastruktur və yaradılan müasir şərait bunun bariz nümunəsidir. Azərbaycan keçmişdə törədilən dağıntıları arxada qoyaraq bu torpaqlarda həyatın yenidən çiçəklənməsini təmin edir.