Xəbərlər
Yalanların həqiqəti inkar etməsi mümkünsüzdür

Azərbaycanın milli mənafeyini şəxsi ambisiyalarına qurban verən radikal düşərgə nümayəndələri, xaricdəki antimilli ünsürlər sosial media platformasında yalan danışmağı, şər-böhtan atmağı adi hala çeviriblər. Təxminən 30 ilə yaxın müddətdə xarici anti-Azərbaycan dairələrə maşalıq edən bu antimilli ünsürlər ancaq dağıdıcılığı, inkarçılığı, pozuculuğu təbliğ etməklə məşğuldurlar. Azərbaycanın uğurlarını, Zəfərlərini heç cür həzm edə bilməyən bu ünsürlər xəstə təxəyyülə əsaslanan şərhləri, qeyri-ciddi fikirləri ilə ictimai rəyi çaşdırmağa, özlərini gündəmdə saxlamağa səy göstərir, bununla da özlərinə qarşı ictimai qınağı son hədəfə çatdırırlar. Bu ünsürlər unudurlar ki, ictimai qınaq ən böyük cəzadır. Ağa qara deməklə ölkəmizdə mövcud olan inkişafa, sabitliyə, demokratik mühitə kölgə salmaq cəhdləri hər zaman boşa çıxsa da, “bəlkə alındı” prinsipini fəaliyyətlərinin əsasında saxlamaqla belə ikrah doğuran əməllərini davam etdirirlər. Onların anti-Azərbaycan qüvvələrlə işbirliyi inkaredilməz həqiqətdir. Həmin qüvvələrin hər fürsətdə ölkəmizin əleyhinə təbliğat aparmaları, uğurlarımızı görməzdən gəlmələri cəmiyyətdə nifrət hissini daha da artırır. Bu gün ölkəmiz öz daxili imkanları hesabına azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərini həyata keçirərək, soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışını təmin edir. Prezident İlham Əliyev tarixi Zəfərimizdən dərhal sonra bərpa işlərinə başlanan andan belə bir çağırışı etdi ki, Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevriləcək, bura qayıdan soydaşlarımızın rahat yaşayışı üçün bütün zəruri addımlar atılacaq. Bu gün böyük əminliklə qeyd edirik ki, Qarabağda və Şərqi Zəngəzurda görülən işlər Azərbaycanın şəhərsalma təcrübəsinin dünyaya təqdimatıdır. Bu qədər nəhəng işləri həyata keçirən dövlətin siyasətini təqdir etmək əvəzinə sosial mediada platformasında qarayaxma ilə məşğul olmaq avantürizmdir.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.
Millət vəkili qeyd edib ki, xəbis xislət, Azərbaycanın uğurlarını həzm edə bilməmək həmin qüvvələrin həqiqətləri etiraf etməsinə imkan vermir. Belə olmasaydı həmin qüvvələr eyni mərkəzdən alınmış tezislər əsasında dövlətimizin uğurlu siyasətinə kölgə salmağa çalışmazdılar. Məsələn, hər fürsətdə Azərbaycana qarşı qarayaxma ilə məşğul olan Kərimov Əli gah sosial siyasəti tənqid edir, gah xarici siyasəti. Amma dediklərinin Azərbaycan reallığı ilə heç bir əlaqəsi yoxdur. Hər zaman bu xatırlatmanı etməyi özümüzə borc bilirik ki, kərimov əlilər yaxşı olar ki, özlərinin də təmsil olunduğu AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti dövründə yarıtmaz siyasətlərinin, idarəçilik qabiliyyətlərinin yoxluğunun ucbatından ölkədə yaratdıqları xaosu, anarxiyanı, özbaşınalıqları, ən əsas torpaqlarımızın bir-birinin ardınca işğalına şərait yaratmalarını yada salsınlar. 1992-ci ildə hakimiyyəti zorla zəbt edən bu ünsürlərin xəyanətkar siyasəti nəticəsində Azərbaycan parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Ölkədə vətəndaş müharibəsi başlamışdı. Respublika dərin böhrana sürüklənmişdi. Azərbaycan bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Anarxiya, hərc-mərclik, talançılıq, korrupsiya, rüşvət baş alıb gedirdi. 1993-cü ildə ölkəmizi o ağır vəziyyətdən xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev xilas etdi.
Vüqar Rəhimzadə bildirib ki, istər ölkə daxilində, istərsə də ölkə xaricində anti-Azərbaycan dairələrdən aldıqları sifarişlər əsasında dövlətimizin beynəlxalq aləmdəki imicinə kölgə salmağa cəhd etmək, ölkəmizin inkişafı, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan uğurlu addımları qaralamaq, populist çıxışlar etmək, bitib-tükənməyən iftiralar və qarayaxmalar “yalan maşınına” çevrilən bu qüvvələrin əslində iflasa uğradığının göstəricisidir. Bu üzdəniraq qüvvələr hər fürsətdən istifadə edərək Azərbaycan dövlətinin ünvanına iftiralar səsləndirirlər. Məsələn, 12 gün davam etmiş İsrail-İran müharibəsi zamanı və ondan sonra həmin xəyanətkar qüvvələr Azərbaycanın İsrailə kömək etdiyi yalanını tirajlayırdılar. Amma İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Laricani bəyan edib ki, 12 günlük müharibədə Azərbaycanın İsrailə yardım etdiyinə dair heç bir sübut yoxdur. İndi nə deyəcəksiniz, ay xəyanətkarlar! Bu qədər riyakar, satqın, avantürist olmaq olarmı?!
Millət vəkili vurğulayıb ki, ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasəti sayəsində regionda və dünyada öz mövqelərini daha da möhkəmləndirən, söz sahibinə çevrilən, dayanıqlı iqtisadi inkişafa malik olan, Cənubi Qafqazın yeni inkişaf perspektivlərini müəyyənləşdirən, yeni dünya nizamının formalaşmasına töhfələri ilə diqqətdə olan Azərbaycanın öz uğurları ilə radikal qüvvələri, xəyanətkarları, sosial mediada ölkəmizin əleyhinə təbliğat aparan bədxahlarımızı çox ciddi narahat etdiyi inkaredilməzdir. “Sapı özümüzdən olan baltalar” daim xarici anti-Azərbaycan qüvvələrin cızdığı ssenarilərə uyğun olaraq Azərbaycanın uğurlarına kölgə salmaq üçün cəhdlər edirlər. Amma onların bu avantüraları, sayıqlamaları fiaskoya məhkumdur. Yalanların həqiqəti inkar etməsi mümkünsüzdür. Bu gün beynəlxalq ictimaiyyət qalib, yeni dövrə qədəm qoyan Azərbaycanın dünyaya təqdim etdiyi təkmil inkişaf modelinin şahididir. Bu model Azərbaycanı Zəfərdən zəfərə aparır.