YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad torpaqlarda yeni həyat mərhələsi

Azad Balayev

YAP Balakən rayon təşkilatının sədri

26 avqust tarixi Azərbaycan xalqı üçün yalnız bir təqvim günü deyil, həm də milli qürurun, dirənişin, itirilmiş ədalətin bərpasının simvoludur. Laçın illərlə işğal altında qalsa da, bu gün azaddır, dirçəlir, yenidən qurulur. Hər bir azərbaycanlı üçün bu günün mənası çox dərin, çox əzizdir. Çünki Laçın sadəcə bir şəhər deyil, strateji əhəmiyyətə malik olan, gözəlliyi ilə cənnəti xatırladan bir yurddur.

1992-ci ilin mayında Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı. Azərbaycanın daxili siyasi qarşıdurmalardan zəifləmiş vəziyyəti, böyük güclərin bölgədəki maraqları, Rəsmi İrəvanın təcavüzkar siyasəti nəticəsində bu fəlakət baş verdi. Ermənistan o dövrdə beynəlxalq hüququ kobud şəkildə pozaraq Laçını işğal etdi, dinc əhaliyə qarşı saysız cinayətlər törətdi. Minlərlə insan doğma yurd-yuvasından didərgin salındı, evlər, məktəblər, məscidlər dağıdıldı. Bu, təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin vicdanına vurulan yaraydı.

Amma tarix sübut etdi ki, xalqın iradəsini heç bir işğal gücü əbədi olaraq sındıra bilməz. Azərbaycan öz torpaqlarını azad etdi, Laçın da azadlığa qovuşdu. Dövlət başçısı İlham Əliyevin sözləri ilə desək: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun.”

Bu gün Laçında genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Yol-nəqliyyat infrastrukturu yenilənir, yeni yollar, körpülər, hava limanı inşa edilir. Bu layihələr Laçının regionda mühüm bir mərkəzə çevriləcəyinin bariz göstəricisidir. Şəhərin bərpası konsepsiyasında həm də onun turizm potensialı nəzərə alınır. 2025-ci ildə Zerti kəndində açılışı olan “Laçın” İstirahət Kompleksi artıq bölgənin ən möhtəşəm layihələrindən biridir. Müxtəlif kateqoriyalı otellər, kotteclər, konfrans və ziyafət zalları ilə bu məkan həm yerli sakinlər, həm də turistlər üçün əsl istirahət ocağına çevrilib. Burada yüzlərlə insan işlə təmin olunub ki, onların əksəriyyəti də məhz işğaldan azad olunmuş ərazilərin sakinləridir.

Eyni zamanda, 2023-cü ildə Laçında “Hoçazfilm” yaradıcılıq studiyasının açılması şəhərin yeni mədəniyyət mərkəzinə çevrilməsinə xidmət edir. Bu studiya təkcə film çəkilişlərinin aparıldığı bir məkan deyil, həm də Qarabağın işğal dövrünü və azadlıq salnaməsini dünyaya təqdim edəcək bir yaradıcı platformadır. Burada həm yerli, həm də xarici kino istehsalçıları üçün şərait yaradılır. Bu, Laçının gələcəkdə həm də beynəlxalq mədəniyyət məkanına çevriləcəyini göstərir.

Laçının yenidənqurulmasında dövlətimizin başçısının mütəmadi səfərləri xüsusi rol oynayır. 2021-ci ildə Laçın Beynəlxalq Hava Limanının təməlqoyma mərasimi keçirildi. 2023-cü ilin avqustunda isə Prezident İlham Əliyevin iştirakı ilə ardıcıl açılışlar, təməlqoyma mərasimləri, yeni layihələrin təqdimatları oldu: su elektrik stansiyalarından tutmuş mebel fabrikinə, məktəbin təmirindən “Həkəri Balıq Təsərrüfatı”na qədər. Bu, Laçının yalnız bərpa olunmadığını, həm də müasir bir iqtisadi, sosial və mədəni mərkəzə çevrildiyini göstərir.               

Artıq Laçın təkcə yerli sakinlərin deyil, həm də turistlərin sevimli məkanına çevrilməkdədir. Təmiz təbiət, əzəmətli dağlar, müasir infrastruktur və qonaqpərvər insanlar bura gələn hər kəsin yaddaşında silinməz iz buraxır.

Bu gün Laçın öz azadlığına qovuşmuş, inkişaf yoluna qədəm qoymuş, yeni siması ilə bütün Azərbaycana nümunə olmuş bir şəhərdir. Əgər bir vaxtlar onun adı işğal və faciə ilə assosiasiya olunurdusa, bu gün qələbə, quruculuq, tərəqqi və cənnət kimi bir həyat tərzi ilə yadda qalır. 26 avqust – Laçın şəhəri günü Azərbaycan xalqının birlik, güc və iradəsinin təntənəsi, gələcəyə inamın bayramıdır.