YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimində iştirak edib.

Ədliyyə naziri Fikrət Məmmədov yeni binanın inşası və burada yaradılan yüksək şərait barədə dövlətimizin başçısına məlumat verdi. Qeyd edildi ki, ümumi sahəsi 19,8 min kvadratmetr olan beşmərtəbəli kompleksin inşasına 2012-ci ilin noyabrında başlanıb və bu ilin oktyabrında başa çatdırılıb. Tikinti işləri ən müasir standartlara uyğun aparılıb. “Əlillərin hüquqlarının qorunması haqqında” Konvensiyanın tələblərinə müvafiq olaraq binada onlar üçün bütün zəruri şərait yaradılıb. Əlillərin binaya daxil olması üçün xüsusi qurğu quraşdırılıb.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev kompleksdə yaradılan şəraitlə tanış oldu.

Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində tikilən binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşələr yaradılıb.

Bildirildi ki, Şəki Məhkəmə Kompleksi Dünya Bankı ilə birgə həyata keçirilən layihə çərçivəsində inşa olunmuş ikinci məhkəmə kompleksidir. Kompleksdə Şəki Apelyasiya Məhkəməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsi, Şəki Ağır Cinayətlər Məhkəməsi və Şəki Rayon Məhkəməsi yerləşir. Kompleks təxminən 1 milyon 370 min əhaliyə xidmət göstərəcək. Burada 250 nəfər, o cümlədən 42 hakim, 170-dən çox məhkəmə aparatı əməkdaşı və 35 ədliyyə işçisi çalışacaq. Digər yeni məhkəmə binalarında olduğu kimi, müasir informasiya-kommunikasiya qurğularının quraşdırıldığı bu bina da inzibati və ictimai zonalara bölünür və hər iki zonanın girişi ayrıdır. İnzibati zona hakimlər və məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar, dövlət ittihamçıları və vəkillər üçün nəzərdə tutulub. Bununla da hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlər məhdudlaşdırılır və onlar yalnız məhkəmə iclas zallarında görüşürlər.

Binada gözdən əlil vətəndaşların sərbəst hərəkəti üçün hər mərtəbənin döşəməsinə xüsusi örtük salınıb. İctimai zonada bütün otaqların adlarını əks etdirən lövhələrdə gözdən əlil insanlar üçün də xüsusi yazılar var. Buradakı müasir elektron məlumat daşıyıcıları vətəndaşlara məhkəmə prosesləri və onların keçiriləcəyi tarix, vaxt, məhkəmə zalı, hakim və digər məsələlərlə bağlı informasiyanı maneəsiz əldə etməyə imkan yaradır.

Prezident İlham Əliyev məhkəmə zallarında yaradılan şəraitlə tanış oldu.

Bildirildi ki, kompleksin əsas binasında 16 məhkəmə iclas zalı – cinayət işlərinin baxıldığı 7 və mülki işlərin baxıldığı 9 zal fəaliyyət göstərir. Kompleksdə Azərbaycan Prezidentinin “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Sərəncamına əsasən bütün zəruri tədbirlər görülüb. Məhkəmə zallarında proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən və audio-video yazılışları aparan “Femida” sistemi, video-konfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarəetmə sistemi üçün qurğular quraşdırılıb. Təqsirləndirilən şəxslər zalda beynəlxalq standartlara uyğun xüsusi ayrılan şüşə otaqda saxlanılırlar. Burada onların vəkillə birbaşa əlaqə saxlamaları üçün müvafiq qurğu da var. Məhkəmə zalında əcnəbi şəxslərin iştirakı ilə işlərə baxılan zaman tərcümə xidmətlərinin göstərilməsi üçün xüsusi yer düzəldilib. Zalların qarşısında vəkillər, dövlət ittihamçıları, şahidlər və icra məmurları üçün otaqlar ayrılıb. Burada, həmçinin konfrans zalları, o cümlədən Şəki Apelyasiya Məhkəməsi Rəyasət Heyətinin zalı, böyük akt zalı var. İnzibati zonada da hakimlər və məhkəmə aparatı işçiləri üçün lazımi şərait yaradılıb.

Konfrans zalı ilə tanışlıq zamanı dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, müasir avadanlıqla təchiz edilən zalda hakimlərə və məhkəmə işçilərinə Ali Məhkəmənin Plenumuna, Məhkəmə-Hüquq Şurasının, həmçinin Ədliyyə Nazirliyinin iclaslarına, müşavirə və toplantılarına birbaşa qoşulmaq imkanı yaradılıb. Kompleksin böyük iclas zalında isə həm beynəlxalq, həm də ölkə səviyyəsində tədbirlər keçirmək mümkündür. Yeməkxana və kitabxana da ən yüksək səviyyədə hazırlanıb. Binanın alt qatında təqsirləndirilən şəxslərin müvəqqəti saxlanması üçün kameralar, onların vəkillərlə görüş otağı və konvoy maşını üçün yeraltı dayanacaq fəaliyyət göstərir. Binada, həmçinin arxiv otaqları, tibb və poçt məntəqələri, ana və uşaq otağı, maddi sübutlar otağı, hakimlər və işçilərin avtomobilləri üçün yeraltı qaraj, eləcə də vətəndaşlar üçün avtodayanacaqlar var.

Bir sözlə, burada yaradılan şərait göstərir ki, son illərdə ölkədə bütün sahələrə olduğu kimi, ədalət mühakiməsinin səmərəsinin artırılmasına da xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, məhkəmə sisteminin daha da müasirləşdirilərək beynəlxalq standartlara tam uyğunlaşdırılması işləri uğurla aparılır.

Diqqətə çatdırıldı ki, Şəki Məhkəmə Kompleksinin yerləşdiyi ərazidəki rayon məhkəməsinin köhnə inzibati binası yenidən qurulub. İkimərtəbəli binada Şəki rayonu üzrə icra şöbəsinin, Şəki rayon qeydiyyat şöbəsinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şəki regional bölməsinin fəaliyyəti üçün hər cür şərait var. Burada yaradılan yüksək şərait, həmçinin təntənəli nikah mərasimlərinin keçirilməsinə imkan verəcək.

Prezident İlham Əliyev kompleksdə məhkəmə və ədliyyə orqanlarının əməkdaşları ilə görüşdü.

Dövlətimizin başçısı mərasimdə çıxış etdi.

Sonra ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış etdilər.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev Şəki rayon qeydiyyat şöbəsinin inzibati binasında yaradılan şəraitlə tanış oldu.

Sonda xatirə şəkli çəkdirildi.