YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vişeqrad qrupu ölkələri Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verir

Xarici işlər nazirinin müavini Xələf Xələfov Vişeqrad qrupunun (qrupa Çex Respublikası, Polşa, Macarıstan və Slovakiya daxildir) siyasi direktorlarından ibarət nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə X.Xələfov ikitərəfli görüşlərin davamı kimi, üzv dövlətlərə Vişeqrad qrupu formatında keçirilən danışıqların maraqla qarsılandığını diqqətə çatdırıb. O, Vişeqrad qrupunun Avropa İttifaqı çərçivəsində mühüm rola malik olduğunu və maraqlı təşəbbüslərlə çıxış etdiyini deyib. Bu xüsusda, Şərq Tərəfdaşlığı Təşəbbüsünün Vişeqrad qrupuna aid olduğunu xatırladıb.

X.Xələfov qrupa daxil olan ölkələrin öz aralarında əməkdaşlıq və dialoq təcrübəsinin Azərbaycan tərəfindən də maraqla izlənildiyini bildirərək, Vişeqrad qrupu formatının fərdi əsasda hər bir üzv dövlət ilə əlaqələrin inkişafina töhfə verdiyini vurğulayıb. Qeyd olunub ki, Avropa İttifaqı bir çox regional və beynəlxalq məsələlərdə vahid mövqedən çıxış etmək qabiliyyətinə malik bir qurumdur və bu baxımdan Avropa İttifaqı çərçivəsində Vişeqrad qrupunun təşəbbüsləri mühüm əhəmiyyət kəsb edir.

Nazir müavini Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ikitərəfli münasibətlərinin inkişafından danışaraq, bir sıra dövlətlərlə bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini diqqətə çatdırıb. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını deyən X.Xələfov bu əməkdaşlığın uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

Vişeqrad qrupunun nümayəndə heyəti tərəfindən qrup çərçivəsində əməkdaşlıq və qarşıda duran layihələr haqqında məlumat verilib. Bu əməkdaşlıq və əlaqələndirmənin 25 ilə yaxın dövr ərzində uğurla davam etdirildiyi, əlaqələrin dövlət və hökumət başçıları, eləcə də sahəvi işçi qrupları səviyyəsində aparıldığı bildirilib.

Heyət üzvləri Azərbaycanı yaxın tərəfdaş və dost ölkə kimi qəbul etdiklərini deyərək, Ermənistan-Azərbaycan münaqişəsinin nə dərəcədə həssas və ağrılı olduğunu anladıqlarını və problemin sülh yolu ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi əsasında həllini dəstəklədiklərini vurğulayıblar. Vişeqrad qrupu ölkələrinin Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini deyən qonaqlar ölkəmizdən müsbət təəssüratla ayrıldıqlarını, Azərbaycanın mövqeyini anladıqlarını və bunu Brüsseldə ifadə etmək üçün maksimum səy göstərəcəklərini bildiriblər. Eyni zamanda, Avropa İttifaqının bəzi təsisatları tərəfindən Azərbaycanla əlaqədar qəbul edilmiş sənədlərin təəssüf doğurduğunu qeyd edərək, əlaqələrin inkişafına ümidvar olduqlarını diqqətə çatdırıblar.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.