YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Kəlbəcərə qayıdış: xalqın iradəsi və Zəfərin təntənəsi

Pərvanə Vəliyeva

Milli Məclisin deputatı

Uzun illər ayrılıqdan sonra Kəlbəcərə həyat qayıdır. Avqustun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərə köçən sakinlərlə görüşüb onlara yeni evlərinin açarları təqdim edilib, qürurverici anlar yaşanıb. Dövlət başçısının tapşırıqlarına əsasən, dövlətin həyata keçirdiyi Böyük Qayıdış Proqramı çərçivəsində artıq ilk yaşayış kompleksi istifadəyə verilib, müasir və lazımi infrastruktur qurulub. Yaxın illərdə dörd yaşayış massivində 10 min nəfərin məskunlaşması planlaşdırılır. Bu, sadəcə məskunlaşma deyil, həm də ədalətin, xalqın iradəsinin və tarixi qələbənin təntənəsidir.

Kəlbəcərin işğalı Azərbaycan üçün həm faciə, həm də strateji zərbə idi. 1992-ci ilin mayında Şuşa və Laçının AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində işğal olunması ilə düşmən “Laçın dəhlizi” adlanan yol üzərindən Ermənistanla Qarabağ arasında coğrafi bağlantı yaratmışdı. 1993-cü ilin aprelində Kəlbəcərin də işğalı həmin xəyanətkar siyasətin nəticəsi olaraq Azərbaycanın digər torpaqlarının işğalına yol açdı. Həmin dövrdə xalqımızı müdafiəsiz qoyan rəhbərlik öz hakimiyyət maraqlarını milli mənafelərdən üstün tutdu. Ermənistan illərlə torpaqları qaytarmaq istəməsə də, Azərbaycan xalqı işğalla barışmadı. Prezident İlham Əliyevin də vurğuladığı kimi, xalqımız hər gün, hər saat Zəfər gününü yaxınlaşdırmaq əzmi ilə yaşadı. 44 günlük Vətən müharibəsi Azərbaycanın gücünü bütün dünyaya nümayiş etdirdi. Qəhrəman əsgər və zabitlərimizin canı və qanı bahasına düşmən kapitulyasiyaya məcbur edildi. Ermənistan ordusundakı on iki min fərari isə işğalçı dövlətin acizliyinin göstəricisi idi.

Müharibə başa çatdıqdan sonra da Kəlbəcər işğal altında qalsa da, Azərbaycan həm diplomatik, həm də hərbi gücü ilə bu torpaqları geri aldı. İşğalçılara çıxmaları üçün vaxt verilsə də, onlar şəhəri talan edib yandıraraq tərk etdilər. Bir dənə də salamat bina qalmamış, küçələr, məscidlər dağıdılmışdı. Bu faciələr, Xocalı soyqırımı və işğal dövründə törədilən vəhşiliklər xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Prezident İlham Əliyev də vurğuladı ki, Azərbaycan keçmişini heç vaxt unutmayacaq və qalib xalq olaraq həmin acı günləri daim yada salacaq.

2023-cü ilin sentyabrında həyata keçirilmiş, bir gündən az davam edən antiterror əməliyyatları ilə ölkəmizin ərazi bütövlüyü tam təmin edildi. Bu gün regionda yeni siyasi və iqtisadi reallıqlar formalaşır. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni Azərbaycanın maraqlarını özündə əks etdirir. Ən mühüm nailiyyətlərdən biri isə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru bağlantısının təmin edilməsidir. Zəngəzur dəhlizinin açılması Azərbaycanın beynəlxalq nəqliyyat xəritəsində yeni strateji mövqeyini möhkəmləndirəcək.

Prezident İlham Əliyev çıxışında, həmçinin qeyd etdi ki, uzun illər Ermənistanı dəstəkləyən qüvvələr işğalı dondurmaq siyasəti aparır, silahlandırma yolu ilə Ermənistanı gücləndirirdilər. Əgər vaxtında real təzyiqlər və sanksiyalar tətbiq olunsaydı, torpaqlarımız sülh yolu ilə azad edilə bilərdi. Lakin Azərbaycan ədalətsizlik qarşısında geri çəkilmədi və haqq mübarizəsini qalibiyyətlə başa çatdırdı. Dövlət başçısının sözləri ilə desək, son 80 ildə dünyada Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci bir ölkə olmayıb.

Bu gün Azərbaycan yalnız qalib dövlət deyil, həm də regionda sülhün təminatçısıdır. Amma eyni zamanda hərbi gücünü gücləndirməkdə davam edir, çünki təhlükəsizliyimizin yeganə qarantı özümüzük. Təxribat törətmək istəyənlər xalqımızın iradə və gücünü bir daha görəcəklər. Kəlbəcərə qayıdış isə sadəcə bir köç prosesi deyil – bu, xalqımızın iradəsinin, dözümünün və mübarizliyinin ən parlaq təntənəsidir.

DİGƏR Xəbərlər Arxiv