YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib

Noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.

Dövlətimizin başçısına Şəki-Qax-Zaqatala avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində görülən işlər barədə məlumat verildi. Bildirildi ki, Şəki-Qax avtomobil yolu Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşir və respublikanın ən böyük turizm marşrutlarından olan yolun bir hissəsidir. Uzunluğu 35 kilometr olan yolun 26 kilometri Şəki rayonunun, 9 kilometri isə Qax rayonunun ərazisinə düşür. Bu avtomobil yolu Şəki və Qax şəhərləri arasında nəqliyyat əlaqəsinin yaxşılaşmasına, hazırda istifadə olunan 77 kilometrlik məsafənin 42 kilometr qısalmasına imkan verir. Yolun əsas üstünlüyü isə onun 39 min nəfər əhalinin yaşadığı 22 yaşayış məntəqəsini əhatə etməsidir. 2011-ci ildən icrasına başlanan layihə iki mərhələdə həyata keçirilib. Birinci mərhələdə yolun uzunluğu 35 kilometr olan Şəki-Qax hissəsi, ikinci mərhələdə isə uzunluğu 28 kilometr olan Qax-Zaqatala hissəsi yenidən qurulub. Üçüncü texniki dərəcəli, ikizolaqlı yolun eni 12 metrdir.

Diqqətə çatdırıldı ki, yenidənqurma işləri zamanı yol üzərində 20 körpü, uzunluğu 1074 metr olan suötürücü borular, 12 avtobus dayanacağı tikilib, 176 yol nişanı quraşdırılıb. Bu yolun istismara verilməsi Bakıdan və digər bölgələrdən Zaqatala, Balakən rayonlarına, həmçinin qonşu Gürcüstana və əks istiqamətdə nəqliyyat vasitələrinin Qax şəhərinə daxil olmadan hərəkətinə imkan yaradacaq, Qax şəhərinin ekoloji təmizliyinə müsbət təsir göstərəcək.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev inşaatçılarla xatirə şəkli çəkdirdi.