Xəbərlər
“Qalib dövlət: azərbaycançılıq, dövlətçilik, xalqın birliyi və suverenlik”

“Konstitusiya və Suverenlik ili” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatı və Hacıqabul Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Hacıqabul Rayon Heydər Əliyev Mərkəzində “Qalib dövlət: azərbaycançılıq, dövlətçilik, xalqın birliyi və suverenlik” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov, rayonda yerləşən idarə, təşkilat və müəssisələrin əməkdaşları və partiya fəalları iştirak ediblər.
Tədbir iştirakçıları Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımız uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.
Çıxış edən natiqlər bildiriblər ki, xalqların və dövlətlərin inkişafında liderlərin rolu əvəzsizdir. Vurğulanıb ki, güclü lideri olan dövlətlər və millətlər çox yüksək inkişaf yolu keçmiş və tarixi uğurlar əldə etmişlər. Belə liderlər bizim xalqın tarixində də yetişmiş, Azərbaycanın inkişafında, dövlətçiliyimizin yaranıb möhkəmlənməsində, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında əhəmiyyətli rol oynamışlar. Onların arasında öz işıqlı əməlləri ilə dövlətçiliyimizin möhkəmlənməsində müstəsna xidmətləri olmuş Ümummilli Lider Heydər Əliyevin adı qürur hissi ilə çəkilir. Azərbaycanın tarixi şəxsiyyətlərinin fövqündə yer alan bu dahi insanın xalqımız qarşısındakı xidmətləri ölçüyəgəlməzdir.
Qeyd olunub ki, siyasi baxışından, harada yaşamasından asılı olmayaraq dünya azərbaycanlıları bütün ümummilli məsələlərdə Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyini dəstəkləyərək həmrəylik nümayiş etdirirlər. Dövlət başçısının siyasəti milli maraqları ön planda tutan uzaqgörən və strateji yanaşmalarla xarakterizə olunur. Onun rəhbərliyi altında ölkəmiz ərazi bütövlüyünün bərpası və strateji mövqeyin möhkəmləndirilməsi istiqamətində önəmli addımlar atmış, xarici siyasətdə balanslaşdırılmış və çoxtərəfli əməkdaşlıq prinsiplərinə sadiq qalaraq beynəlxalq nüfuzunu artırıb. Sosial-iqtisadi sahədə həyata keçirilən islahatlar və innovativ layihələr dövlətin dayanıqlı inkişafını təmin edir, daxili siyasət və idarəçilikdəki islahatlar isə güclü və effektiv dövlət strukturlarının formalaşmasına xidmət edir. Bu siyasət həm də xalqın birliyini, milli həmrəyliyi və dövlətin mövqeyini qorumağı prioritet hesab edir.