YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Biləsuvarda şahmat turniri təşkil olunub

Biləsuvar rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində şahmat turniri təşkil olunub. Turnir Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı tədbiri giriş sözü ilə açaraq ölkədə idmanın inkişafı üçün yaradılan şəraitdən danışıb. O bildirib ki, bu inkişafın əsasında Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət dayanır. Qeyd olunub ki, Ulu Öndərin təşəbbüsü ilə ölkənin şəhər və rayonlarında uşaq-gənclər idman və şahmat məktəbləri fəaliyyətə başlayıb, bu da yeni istedadların üzə çıxarılmasına şərait yaradıb.

Daha sonra çıxış edən Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun müdiri Azad Quliyev, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Emin Mustafayev qeyd ediblər ki, bu gün Azərbaycan şahmatı beynəlxalq miqyasda uğurla təmsil olunur. Azərbaycan şahmat məktəbinin yetirmələri bir çox nüfuzlu beynəlxalq yarışlarda yüksək nəticələr göstərirlər. Bildirilib ki, Biləsuvar rayonunda da şahmat idman növü daim inkişaf edib və yerli şahmatçılar respublika və beynəlxalq turnirlərdə uğurla çıxış edirlər. Bu ənənənin davam etdirilməsi məqsədilə belə yarışların təşkili xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən turnirdə İsmayılzadə Mətləb Rəşid oğlu birinci yerə, Mustafayev Emin Mübariz oğlu ikinci yerə, Şərbətov Fürsət Xeyrulla oğlu isə üçüncü yerə layiq görülüb.

Turnirin sonunda qaliblərə diplom və medallar təqdim olunub.