Xəbərlər
YAP Zərdab rayon təşkilatının 32 illiyi qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatının yaradılmasının 32-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdən öncə iştirakçılar Zərdab şəhərindəki Heydər Əliyev parkında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən rayon təşkilatının sədri İlkin Əliyev Yeni Azərbaycan Partiyasının yaranmasının Azərbaycanın dövlətçilik yolunda dönüş nöqtəsi olduğunu vurğulayıb. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin ideyaları bu gün Prezident, Partiyanın sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. YAP Zərdab rayon təşkilatı da bu siyasi kursun təbliği və vətəndaşlar arasında partiyaya etimadın gücləndirilməsi istiqamətində fəal fəaliyyət göstərir.
Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini Pərvin Mahmudova çıxışında YAP-ın Azərbaycanın siyasi həyatına yeni nəfəs gətirdiyini, sabitliyin və inkişafın təmin olunmasında mühüm rol oynadığını qeyd edib.
Tədbirdə Vətən müharibəsi şəhidinin atası Qədir Hüseynov, partiya veteranı Emin Eminov və partiya fəalı Röya Əlisürətli də çıxış edərək YAP-ın ötən illər ərzində keçdiyi şərəfli yoldan, xalqın partiyaya olan dəstəyindən və gələcək inkişaf perspektivlərindən danışıblar.
Sonda yubiley yaşında olan partiya fəallarına təşəkkürnamə, YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim olunub.