Xəbərlər
Azərbaycanın qətiyyəti

Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Azərbaycan uzun illər davam edən işğala 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi parlaq Qələbə ilə son qoydu və regionda yeni geosiyasi reallıqlar formalaşdırdı. Bu mərhələnin davamı olaraq, 2023-cü ilin sentyabrında keçirilmiş 24 saatlıq lokal antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz silahlı birləşmələr tərk-silah edildi və ölkənin tam suverenliyi bərpa olundu. Bu, yalnız hərbi deyil, siyasi və hüquqi baxımdan da Azərbaycanın dövlətçiliyi üçün mühüm dönüş nöqtəsi oldu. Bütün bu nailiyyətlərlə yanaşı, rəsmi Bakı Ermənistanla münasibətlərin normallaşdırılması və davamlı sülhün təmin olunması istiqamətində ardıcıl və qətiyyətli diplomatik kurs yürütməkdədir. Ermənistan tərəfinin pozucu mövqeyi və gecikdirici siyasi davranışlarına rəğmən, Azərbaycan sülh təşəbbüslərində ardıcıl olub, konstruktiv dialoqa hər zaman açıq qalıb.
Son mərhələdə Ermənistan konstitusiyasında dəyişiklik aparılmasına dair müzakirələrin başlaması və rəsmi İrəvanın separatçı rejimlə bağlı mövqeyini yumşaltması sülh prosesində irəliləyiş üçün əlverişli zəmin yaratdı. Bu göstəricilər Azərbaycanın sülhə çağırışlarının təkcə siyasi deyil, həmçinin regionun gələcək sabitliyi baxımından nə qədər prinsipial və uzaqgörən olduğunu bir daha təsdiqləyir.
Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsində şanlı Qələbə qazanan lider olmaqla yanaşı, Cənubi Qafqazda dayanıqlı sülhün əsas memarı kimi tarixə düşüb. Onun təşəbbüsü ilə irəli sürülmüş və beynəlxalq hüquqa əsaslanan 5 əsas prinsip regionda normallaşma və əməkdaşlıq üçün möhkəm təməl yaradır. Azərbaycan artıq bu prinsipial gündəliyi uğurla sona çatdırmağa çox yaxındır. Dövlət başçısı İlham Əliyevin ABŞ səfəri çərçivəsində keçirilən danışıqlar yalnız Azərbaycan-Ermənistan münasibətləri üçün deyil, bütövlükdə Cənubi Qafqaz regionu və beynəlxalq diplomatiya üçün model xarakteri daşıyır. Bu, sülhün zorla deyil, ədalətli hüquqi prinsiplərlə, beynəlxalq legitimlik əsasında qurulmasının mümkünlüyünü göstərən nümunədir.
Sözügedən səfər Azərbaycan diplomatiyasının yeni zirvəyə yüksəldiyi bir məqam kimi tarixə düşdü. Prezident İlham Əliyevin qətiyyətli liderliyi və uzaqgörən siyasəti bir daha sübut edir ki, Azərbaycan təkcə regionun deyil, daha geniş beynəlxalq sistemin etibarlı və nüfuzlu aktoruna çevrilib. Bu səfər Azərbaycanın qazandığı hərbi və siyasi qələbələrin beynəlxalq hüququn normaları çərçivəsində rəsmiləşdirilməsi üçün yeni bir mərhələnin başlanğıcı oldu. Sülhdən inkişafadək uzanan strateji yolun əsası qoyuldu.
ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 8-də Ağ Evdə mətbuata bəyanatla çıxış etdilər. ABŞ Prezidenti tərəfindən bu tarixi tədbirə dəvət edilməyindən şərəf duyduğunu bildirən cənab İlham Əliyev onu da əlavə etdi ki, bu gün biz Azərbaycan ilə ABŞ arasında ikitərəfli, dövlətlərarası münasibətlərimizdə yeni tarix yazırıq. Biz strateji tərəfdaşlıq yoluna qədəm qoyuruq və bir neçə ay ərzində Strateji Tərəfdaşlıq Xartiyası işlənib hazırlanacaq. Bu isə Azərbaycan üçün tarixi nailiyyətdir. Çünki dünyanın ən qüdrətli ölkəsi ilə strateji tərəfdaşlıq münasibətlərinə malik olmaq həm fürsətdir, həm də məsuliyyət. Bu strateji tərəfdaşlıq formatı bir çox vacib sahələri əhatə edir - qarşılıqlı sərmayə, ticarət, enerji, bağlılıq, tranzit, süni intellekt, müdafiə sahəsində kontraktlar və terrorizmlə mübarizə. Bu günədək bu sahələrdə əməkdaşlığımız olub və gələcəkdə də fəal əməkdaşlığımız olacaq. Bu, Azərbaycan üçün inkişaf yolunda iqtisadiyyatın şaxələndirilməsi, bu gün olduğu kimi, işsizliyin aşağı səviyyədə saxlanılması və gələcəyə böyük nikbinliklə baxmaq üçün yeni imkanlar yaradır. Cənab İlham Əliyev səfərin uğurlu nəticələri sırasında ədalətsiz 907-ci düzəlişin ləğv edilməsini də xüsusi qeyd etdi. Amerika Prezidentinə məhdudiyyətlərin aradan qaldırılmasına görə təşəkkürünü bildirən dövlətimizin başçısı vurğuladı ki, Azərbaycana qarşı həmin məhdudiyyətlər 1992-ci ildə, müstəqilliyinin bərpasından bir il sonra tətbiq edilib. Bizə qarşı tətbiq edilmiş bu məhdudiyyət 33 ildən sonra bu gün aradan qaldırıldı. Həqiqətən bu gün Azərbaycan xalqının yaddaşına həm qürur, həm də Prezident Trampa minnətdarlıq hissi ilə həkk olunacaq: “Onun həm Azərbaycana olan münasibəti və təkcə bizim regionumuz deyil, - bu gün mən bunu fikir mübadiləmizdə qeyd etdim, - cəmi bir neçə ay ərzində Prezident Tramp Afrikada, Asiyada və nəhayət, Cənubi Qafqazda 30 il ərzində əldə oluna bilinməyəni təmin etdi. Biz insanların qurban verilməsi, böyük itkilər ilə nəticələnən iki çox ağır müharibə aparmalı olduq. Prezident Tramp və onun komandası, bizim yaxşı dostumuz Stiven Uitkoff olmasaydı, Ermənistan və Azərbaycan yəqin ki, hələ də sonsuz danışıqlar prosesində idilər. Bu, həqiqətən tarixi gündür - biz Qafqazda sülhü bərqərar edirik və bu fürsət təkcə bizim regionla məhdudlaşmayacaq”.
Cənab İlham Əliyevin Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsi də hazırda ölkə və dünya mətbuatında geniş işıqlandırılır. Səfərin əhəmiyyətini ətraflı şəkildə diqqətə çatdıran dövlətimizin başçısı vurğuladı ki, Prezident Trampın dəvəti ilə Amerikada işgüzar səfərdə olmaq, əlbəttə ki, Azərbaycan-Amerika münasibətləri üçün çox önəmli bir məsələdir. Bu gün Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılır: əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi. Azərbaycanın milli maraqlarının qorunması üçün Amerika Birləşmiş Ştatları ilə bu səviyyədə münasibətlərin qurulması çox önəmli məsələdir. Prezident Trampla görüşümüz çox səmimi şəkildə keçdi. Bir çox önəmli məsələlər müzakirə edildi. Eyni zamanda, Strateji Tərəfdaşlıq Xartiyasını hazırlamaq üçün Strateji İşçi Qrupu da yaradılmışdır və bu sənədin böyük əhəmiyyəti var. Orada gələcək əməkdaşlıq istiqamətləri də açıq-aydın təsbit edilib. Bunlar qarşılıqlı sərmayə qoyuluşu, energetika, nəqliyyat, bağlantılar, tranzit, təhlükəsizlik, süni intellekt, müdafiə sənayesi və müdafiə sahələrində əməkdaşlığı və digər məsələləri ehtiva edir. Bu istiqamətlərin sadalanması onu göstərir ki, ölkəmiz qarşısında nə qədər böyük imkanlar açılır. Biz vaxt itirmək istəmirik. Cənab İlham Əliyev bu məqamı xüsusi qeyd etdi: “Onsuz da əvvəlki administrasiya dövründəki dörd ili mən itirilmiş illər kimi qiymətləndirirəm. Çünki əfsuslar olsun ki, Bayden administrasiyası zamanı Amerika-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan əlaqələrinin girovuna çevrilmişdi. Bizim Amerika Birləşmiş Ştatları ilə əvvəlki dövrdə əldə edilmiş nailiyyətlər və potensial demək olar ki, dondurulmuş vəziyyətə salınmışdı. Ona görə indi biz vaxt itirə bilmərik. Xüsusilə cənab Trampın və onun administrasiyasının nümayəndələrinin - komandasının Azərbaycana olan müsbət münasibətini, yəqin ki, tamaşaçılar da bizim keçirdiyimiz görüşlərdən və mətbuat konfransındakı ab-havadan hiss ediblər”.
Qeyd etdiklərimiz əsasında bu qənaətə gəlmək olar ki, Prezident İlham Əliyevin ABŞ-a səfəri Azərbaycanın beynəlxalq nüfuzunun gücləndirilməsi baxımından əhəmiyyət daşıyır. Bu, informasiya cəbhəsində əldə olunmuş diplomatik qələbədir və Azərbaycan dövlətinin milli maraqlarını qətiyyətlə qorumaq qabiliyyətinin daha bir təzahürüdür.