YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Bütün dünya Vaşinqtonda tarixi hadisəyə şahidlik etdi

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Azərbaycanın təşəbbüsü ilə başladılan və irəlilədilən sülh danışıqları öz məntiqi nəticəsini verdi. Ötən həftə bütün dünya Vaşinqtonda tarixi hadisəyə şahidlik etdi. “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsi paraflandı. Paraflanma beynəlxalq müqavilənin və ya digər hər hansı beynəlxalq sənədin yekun mətninin tam razılaşdırılması mənasına gəlir. Bu prosedur əsasən danışıqların yekunlaşdığını və tərəflərin razılaşdırdığı mətni imzalamağa hazır olduqlarını təsdiqləyir. Artıq sülh müqaviləsinin imzalanması, regionda davamlı sülhün və sabitliyin əldə olunması yolunda yalnız bir əngəl qalır – Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması.

Dövlət başçısı İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində imzalanan sənədlərin hər biri gələcəklə bağlı aydın təsəvvür yaradır. Belə ki, avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Azərbaycan Prezidentinin və Ermənistan Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannaməni imzaladılar. 7 bənddən ibarət olan sənəddə bir daha qeyd edilir ki, biz BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq, keçmiş münaqişənin əsiri olmayan parlaq gələcək yoluna qədəm qoyulmasına olan ehtiyacı qəbul edirik. Dərin insan iztirablarına səbəb olmuş münaqişədən sonra nəhayət ki, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi əsasında dövlətlərimizin qonşuluq münasibətlərinin qurulmasına başlaması üçün şərtlər yaradılmışdır. Yenidən təftiş mövzusu olmayan və heç bir zaman olmayacaq bu reallıq dövlətlərimiz arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açır. Biz indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik. Həmçinin o da vurğulanır ki, biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir.  Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir. Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik.

Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzaladılar. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, 33 il davam edən sanksiyaların sonu Prezident Trampın sayəsində mümkün oldu.

Liderlərin mətbuata bəyanatları da mühüm məqamların təqdimatında əhəmiyyətli rol oynadı. Cənab İlham Əliyev bildirdi ki, ABŞ və Azərbaycan arasındakı ikitərəfli münasibətlər yeni pilləyə qalxır və bizim strateji tərəfdaşlığımız artıq başlayır. Bu istiqamətdə bir neçə ay ərzində sənədlər və bütün mətnlər hazırlanacaq. Azərbaycan üçün bu, tarixi nailiyyətdir. Çünki bu gün strateji tərəfdaşlıq kontekstində dünyanın ən böyük ölkəsi ilə əlaqələr qurulur. Əlbəttə ki, bu, həm böyük imkan, eyni zamanda, böyük öhdəlik və məsuliyyətdir.

Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində “Mən səfərin nəticələrini çox yüksək qiymətləndirirəm. İlk növbədə, Prezident Trampın dəvəti ilə Amerikada işgüzar səfərdə olmaq, əlbəttə ki, Azərbaycan-Amerika münasibətləri üçün çox önəmli bir məsələdir. Deyə bilərəm ki, bu gün Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılır: əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi” söyləyən cənab İlham Əliyev bildirdi ki, əlbəttə, Azərbaycanın milli maraqlarının qorunması üçün Amerika Birləşmiş Ştatları ilə bu səviyyədə münasibətlərin qurulması çox önəmli məsələdir. Prezident Trampla görüş çox səmimi, dostluq şəraitində keçdi. Bir çox önəmli məsələlər müzakirə edildi. Eyni zamanda, Strateji Tərəfdaşlıq Xartiyasını hazırlamaq üçün Strateji İşçi Qrupu da yaradılmışdır və əlbəttə ki, bu sənədin böyük əhəmiyyəti var. Orada gələcək əməkdaşlıq istiqamətləri də açıq-aydın təsbit edilib. Bunlar qarşılıqlı sərmayə qoyuluşu, energetika, nəqliyyat, bağlantılar, tranzit, təhlükəsizlik, süni intellekt, müdafiə sənayesi və müdafiə sahələrində əməkdaşlığı və digər məsələləri ehtiva edir. Bu istiqamətlərin sadalanması onu göstərir ki, ölkəmiz qarşısında nə qədər böyük imkanlar açılır.

Azərbaycan  ilə ABŞ arasında strateji tərəfdaşlıq üç əsas istiqamət üzərində qurulub ki, bunlardan biri enerji və ticarətdir. Xəzər regionunun zəngin enerji ehtiyatlarının Qərb bazarlarına təhlükəsiz və səmərəli şəkildə nəql olunması sahəsində ABŞ-ın dəstəyi mühüm rol oynayır. Xüsusilə Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin uğurla həyata keçirilməsində Donald Tramp administrasiyasının siyasi və diplomatik dəstəyi strateji əhəmiyyətə malik olub. Trampın praqmatik enerji siyasəti Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verib və Azərbaycan üçün yeni iqtisadi imkanların açılmasına şərait yaradıb.

Cənab İlham Əliyev sözügedən müsahibəsində diqqəti SOCAR və “ExxonMobil” arasında imzalanmış memoranduma yönəldərək bu əminliyi ifadə etdi ki,  imzalanan memorandum böyük layihə ilə nəticələnəcək. Azərbaycanda böyük neft yatağının kəşfi ehtimalı yüksəkdir. “Exxon” dünyanın aparıcı enerji şirkətidir və müasir texnologiyalar sahəsində böyük təcrübəyə malikdir. “Exxon”un, həmçinin Azərbaycanda böyük təcrübəsi var. “Exxon”  “Azəri-Çıraq-Günəşli” layihəmizə ilk olaraq 1994-cü ildə qoşulmuşdu. Enerji mövzusu əməkdaşlığımızın mühüm hissələrindən biri olaraq qalmağa davam edəcək: “Prezident Trampla imzaladığımız memorandumda enerji əməkdaşlığı xüsusi yer tutur. Beləliklə, biz enerji deyəndə neft, qaz, potensial olaraq bərpaolunan enerji mənbələrini nəzərdə tuturuq. Bu gün NATO-nun 10 üzvünü, ABŞ-ın 10 müttəfiqini təbii qazla təchiz edirik. Biz boru kəməri ilə qaz tədarükü üzrə 14 ölkəni əhatə edirik. Deməli, bu baxımdan, - qaz kəmərini nəzərdə tuturam, - Azərbaycan dünyanın qabaqcıl ölkələrindən biridir. Belə ki, 10 NATO, 10 Aİ üzvü bizdən qaz alır. Biz bu yaxınlarda Suriyaya təbii qaz tədarük etməyə başlamışıq. Beləliklə, biz artıq Yaxın Şərq regionuna daxil olmuşuq və coğrafiyamızı Avropada, eləcə də Yaxın Şərqdə genişləndirəcəyik. Bu, əslində, enerji sahəsində gələcək gündəliyimizin yalnız bir hissəsidir”.