YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Vaşinqtonda əldə olunan razılaşmalar Azərbaycanın böyük siyasi-diplomatik qələbəsidir

Mübariz Qurbanlı

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Prezident İlham Əliyevin ABŞ dövlət başçısı Donald Trampın dəvəti ilə Birləşmiş Ştatlara işgüzar səfəri, Vaşinqtonda keçirdiyi görüşlər, o cümlədən imzalanan sənədlər Azərbaycanın böyük siyasi-diplomatik uğuru və qələbəsidir.  Bu səfər zamanı əldə olunan bütün nəticələr  cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin növbəti təntənəsidir.

Azərbaycanı zəfərdən zəfərə, uğurdan uğura aparan  siyasətin memarı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız yeni-yeni siyasi nailiyyətlərə imza atmaqdadır. Bu baxımdan Vaşinqtonda Prezident İlham Əliyevin həm Donald Trampla ikitərəfli, həm də ABŞ Prezidenti və Ermənistanın baş naziri ilə keçirdiyi üçtərəfli görüşlər olduqca əhəmiyyətli və məhsuldar oldu.

Prezident İlham Əliyevin ABŞ-yə səfəri iki prizmadan qiymətləndirilir: Azərbaycan-ABŞ ikitərəfli əlaqələri və Azərbaycan-Ermənistan sülh gündəliyi. Məlum olduğu kimi Azərbaycan-ABŞ münasibətləri Bayden Administrasiyası dövründə böyük tənəzzülə məruz qalmışdı. Bunun da yeganə səbəbi Bayden-Blinken cütlüyünün erməni sevgisi və erməni təəssübkeşi olmaları idi.

ABŞ-da D.Trampın rəhbərliyiə başlamasından sonra əvvəlki hakimiyyətin buraxdığı səhflərin aradan qaldırılması istiqamətində təsirli addımlar atılır. Buna misal olaraq USAİD-in bağlanmasını göstərə bilərik.

D.Tramp ABŞ Prezidenti seçildikdən sonra Azərbaycanla bu dövlət arasında münasibətlərin sağlamlaşdırılması üçün də yeni imkanlar açılıb. Prezident İlham Əliyevin ABŞ-yə məhz D.Trampın dəvəti ilə səfər etməsi göstərir ki, Ağ ev Azərbaycanla əlaqələrdə dönüşün yaranmasında maraqlıdır. Bu baxımdan Vaşinqtonda “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu”nun imzalanması əlaqələrin yeni mərhələyə qədəm qoymasının göstəricisi olmaqla yanaşı, iki dövlətin münasibətlərinin strateji tərəfdaşlığa doğru irəliləməsindən xəbər verir.

Prezident İlham Əliyevin səfəri zamanı D.Tramp tərəfindən "Azadlığı Müdafiə Aktı"na bədnam 907 saylı düzəlişin icrasını dayandıran sənədin imzalanması da Ağ evin Azərbaycanla əlaqələrə verdiyi dəyərin ifadəsidir. 1992-ci ildə ermənipərəst konqresmenlərin təşəbbüsü ilə belə bir qərarın qəbul edilməsi Ermənistanın işğal siyasətinə dəstək məqsədi daşıyırdı. Bu gün Azərbaycan-ABŞ münasibətlərində yaranan canlanma isə 907-ci düzəliş kimi qərarları istisna edir. Tramp tərəfindən düzəlişin icrasını dayandıran sənədin imzalanması həm də Azərbaycan xarici siyasətinin nailiyyətidir.

Prezident İlham Əliyevin Vaşinqtona səfərinin digər mühüm hadisələri Azərbaycan-Ermənistan sülh gündəliyindən irəli gələrək, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsinin paraflanması və ATƏT-in Minsk qrupunun hüquqi ləğvi barədə ATƏT-ə birgə müraciətin imzalanması oldu. İki ölkənin xarici işlər nazirləri tərəfindən sülh müqaviləsinin paraflanması saziş layihəsinin mətninin tərəflər arasında razılaşdırıldığını təsdiq edir. Məlum olduğu kimi sülh sazişi layihəsinin mətninin müəllifi Azərbaycandır. Rəsmi Bakı 44 günlük müharibədən sonra sülh təşəbbüsü ilə çıxış etmiş və sülh sazişinə dair prinsiplərini Ermənistana təqdim etmişdi. Ermənistan bir neçə il bu məsələ ətrafında spekulyasiyalara yol versə də, müxtəlif bəhanələrlə sülh prosesini əngəlləsə də, sülh layihəsi ilə razılaşmaqdan başqa yolu yox idi. Bu baxımdan  Vaşinqtonda sülh sazişi layihəsinin paraflanması Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasi-diplomatiyanın növbəti uğuru oldu.

ATƏT-in Minsk qrupunun hüquqi ləğvi isə Azərbaycanın sülh sazişinin imzalanması ilə bağlı irəli sürdüyü iki əsas şərtdən biridir.  ATƏT-ə birgə müraciəti imzalamaqla Ermənistan şərtlərdən birini yerinə yetirdi. 2026-cı ildə Ermənistanda konstitusiya dəyişiklikləri ilə əlaqədar referendum keçirildikdən sonra sülh sazişinin yekun imzalanması təmin olunacaq.

Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində Prezident İlham Əliyev bununla bağlı deyib: “Sülh sazişinin paraflanması və Minsk qrupunun ləğvi ilə bağlı bizim müştərək müraciətimiz, hesab edirəm ki, birinci maneəni aradan qaldırıb. Yenə də deyirəm, bu gün bu paraflanma Ağ Evdə baş tutdu. Ona görə mən şübhə etmirəm ki, Ermənistan Konstitusiyası dəyişdiriləndə, - Ermənistan tərəfi özü bunu bildirir ki, belə dəyişikliklər edilməlidir, - Azərbaycana olan ərazi iddiası oradan çıxarılacaq. Əks təqdirdə, bu, birinci növbədə Amerika Birləşmiş Ştatlarına hörmətsizlik olacaq”.

Vaşinqtonda əldə olunan əsas razılaşmalardan biri də Azərbaycanın əsas hissəsi Naxçıvan Muxtar Respublikası arasında maneəsiz keçidin təmin edilməsi ilə bağlıdır. Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. Dövlətimizin başçısının bu tələbi də Ermənistan tərəfindən qəbul edildi və bu da diplomatiyamızın mühüm nailiyyətidir.

Azərbaycan-Ermənistan sülh gündəliyinin əsas hədəfləri Vaşinqtonda keçirilən görüşün nəticələrinə dair imzalanan Birgə Bəyannamədə öz əksini tapıb. Birgə Bəyannamə yekun sülh sazişinin imzalanması istiqamətində mühüm sənəddir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi Birgə Bəyannamənin qəbul edilməsi, imzalanması və dünyanın ən qüdrətli dövləti olan Amerikanın Prezidentinin buna dəstəyi və şahidlik etməsi bir daha bu sənədin önəmini göstərir.

Ağ evdə keçirdiyi görüşlər, etdiyi çıxışlar və verdiyi bəyanatlar Prezident İlham Əliyevin yüksək siyasi-diplomatik təcrübəyə malik siyasi lider olduğunu bir daha nümayiş etdirdi. Təsadüfi deyil ki, Prezident Tramp dəfələrlə Azərbaycan Prezidentinin fəaliyyətini yüksək dəyərləndirdiyini qeyd etdi.

Azərbaycan hərb meydanında Ermənistan üzərində qələbədən sonra diplomatik cəbhədə də özünün milli maraqlarını qətiyyətlə təmin edir. O cümlədən sülhə gedən yolun tarixçəsinə də nəzər salanda Prezident İlham Əliyevin, Azərbaycan diplomatiyasının böyük uğurlar əldə etdiyini görürük. Sülhün sahibi isə Azərbaycan və onun Prezidentidir. Ona görə Vaşinqtonda əldə olunan razılaşmalar Azərbaycanın böyük siyasi-diplomatik qələbəsidir.

DİGƏR Xəbərlər Arxiv