YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan artıq inkişafının yeni mərhələsinə qədəm qoyub

Tarixi Zəfər qazanmaqla ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycan artıq inkişafının yeni mərhələsinə qədəm qoyub. Qalib, güclü Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində söz sahibi olan nüfuzlu aktora çevrilib. Bu gün geosiyasi nüfuzu artan Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşmasında da əsas dövlətlərdən biridir. Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadə etməsi nəticəsində reallığa çevrilən  enerji layihələri dünyanın enerji xəritəsini  yenidən formalaşdırır. Təkcə bir faktı xatırladaq ki, avqustun 2-də Türkiyənin Kilis şəhərində mühüm tarixi hadisə yaşandı və Azərbaycan təbii qazının qardaş ölkənin ərazisi ilə Suriyaya ixracına başlandı. Bu mühüm hadisə ölkəmizin enerji siyasətinin miqyasının, siyasi nüfuz və təsir imkanlarının nə qədər geniş olduğunun təsdiqidir.

Amma təəssüf ki, hər zaman dövlətə, dövlətçiliyə və milli maraqlara qarşı xəyanətkar mövqe ortaya qoyan AXCP və onun sədri Kərimov Əli qələbəmizi, Zəfərimizi həzm edə bilmədiyi kimi yeniləşən, müasirləşən və inkişaf edən Azərbaycana qarşı fəaliyyətini də utanmadan davam etdirir. Anti-Azərbaycan qüvvələrin sifarişlərini yerinə yetirdiyini gizlətməyən  Kərimov Əlinin sosial mediada səsləndirdiyi əsassız və absurd fikirlər daha çox “mən də varam” iddiası ilə gündəmə gəlməkdir. Xalqın dəstəyindən məhrum olduğundan yalan, böhtan, cəfəng iddialar səsləndirməklə gündəmə gəlməyə çalışan bu üzdəniraq hər fürsətdə  ölkəmizin beynəlxalq aləmdəki nüfuzuna zərər vermək, dövlətimizlə bağlı dezinformasiya yaymaqla məşğuldur. Acınacaqlı haldır ki, bu şəxs  ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarının ön sıralarında dayanmağı, yalan danışmağı, şər-böhtan atmağı adiləşdirərək özü üçün həyat normasına çevirib.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

Millət vəkili qeyd edib ki, cəmiyyətdə heç bir dayağı və ictimai dəstəyi olmayan, ötən əsrin 90-cı illərinin əvvəllərində respublikada hakimiyyəti zorla ələ keçirən, Azərbaycanı xaos, anarxiya, qarşıdurma girdabına yuvarladan qaragüruhçu dəstənin əsas üzvlərindən olan Kərimov Əlinin əsl niyyəti sosial şəbəkələr vasitəsilə ölkəmizin əleyhinə çirkin təbliğat kampaniyası aparmaqdır. Xaricdəki bəzi media orqanlarına Azərbaycanla bağlı şikayət etmək, dövlətimizin əleyhinə təbliğat aparmaq, yalanlar danışmaq xalqın marağına xidmətdirmi? Kərimov Əlinin həyasızcasına apardığı qarayaxma kampaniyasının arxasında hansı məkrli məqsədlərin, xain planların dayandığını xalqımız, cəmiyyətimiz yaxşı bilir. Ölkədə medianın, vətəndaş cəmiyyəti institutlarının olmadığını iddia etmək üçün ancaq Kərimov Əli olmaq lazımdır. 150 illiyini qeyd etdiyimiz müstəqil, azad mətbuatımız Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Təkcə bir fakt Kərimov Əlinin iddiasını darmadağın etmək üçün yetərlidir. Bu il iyulun 19-da Xankəndidə keçirilən “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunda 52 ölkədən 140 qonaq, 30-a yaxın informasiya agentliyi və 80 media qurumunun nümayəndələri bir araya gəldi. Azərbaycan söz və mətbuat azadlığının inkişaf səviyyəsinə görə dünyada qabaqcıl yerlərdən birini tutur. Eyni zamanda, bu gün Azərbaycanın adı internetin azad olduğu ölkələr sırasındadır. Ölkə əhalisinin 85 faizi internet istifadəçisidir. Demokratiyanın olmadığı ölkədə bütün bunlar ola bilərmi? Bu gün mediamız, vətəndaş cəmiyyəti institutlarımız ölkəmizin maraqlarını qorumağa, istənilən yalan, iftira kampaniyasına cavab verməyə qadirdir. Amma müstəqilliyimizin bərpasının ilk illərində digər sahələr kimi, mətbuat da ciddi problemlərlə üz-üzə qalmışdı. Kərimov Əlinin də təmsil olunduğu və hakimiyyəti zəbt etmiş qaragüruhun yarıtmaz siyasəti nəticəsində ölkədə mətbuat azadlığı hər addımda boğulur, jurnalistlər təqiblərlə, təzyiqlərlə üzləşirdilər. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra azad mətbuatın da inkişafında yeni mərhələ başlandı. Kərimov Əli, sən bunları unuda bilərsən, amma cəmiyyətimiz unutmayıb. Görünür, Kərimov Əlinin başı anti-Azərbaycan fəaliyyətə, qarayaxmaya, sifariş yerinə yetirməyə o qədər qarışıb ki, Azərbaycan reallıqlarından bixəbərdir və xəyallar dünyasında yaşayır.

Vüqar Rəhimzadə bildirib ki, milli mənlik şüurundan, vətənpərvərlik hissindən məhrum olan Kərimov Əli və onun rəhbərlik etdiyi siyasi partiya tamamilə tükənib və heç bir resursa malik deyil. Milli maraqları şəxsi ambisiyalarına qurban verməklə tükənmişlik sindromu yaşayan bu antimilli ünsür siyasi baxımdan tamamilə müflis olub. Çıxış yolunu isə ölkəmizə qarşı qarayaxma kampaniyası aparmaqda görür. Başı çıxmasa da gah geosiyasətdən, gah da iqtisadi siyasətdən danışır. Amma Qərbdə müəyyən dairələrə xidmət etməsi, onların sifarişini yerinə yetirməsi reallığını gizlədə bilmir. Avropa demokratiyasından, xalqların azadlığından danışan antimilli ünsür Kərimov Fransanın neokolonializm siyasətindən xəbərsizdirmi? Yeni Kaledoniya, Polineziya, Qvadelupa və digər müstəmləkə ərazilərində yerli xalqların azadlıq çağırışları polis müdaxiləsi, dəyənəyin gücü ilə yatırılır. Budurmu xalqların azadlığı? Azərbaycana bunumu nümunə göstərirsən?

Əslində bütün bunlar bir o qədər də təəccüblü görünmür. Çünki Kərimov Əlinin mayası milli maraqlarımıza xəyanət etməklə yoğrulub. Amma unutmasın ki, onun anti-Azərbaycan fəaliyyəti hər zaman olduğu kimi, yenə də fiaskoya məhkumdur.

DİGƏR Xəbərlər Arxiv