YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirin müavini Əli Əhmədov: Seçkilər və seçkiləri izləmək, müşahidə etmək hər hansı siyasi məqsəd və niyyət güdmədən həyata keçirilməlidir

“V çağırış Milli Məclisə seçkiləri çoxlu sayla beynəlxalq müşahidəçilər izlədilər. Güman edirəm ki, onlar Azərbaycandakı parlament seçkilərinin həm beynəlxalq standartlara, həm ölkəmizin seçki qanunvericiliyinə, həm də demokratik prinsip və normalara tam uyğun olduğu qənaətinə gəliblər. Parlament seçkilərini izləyən beynəlxalq müşahidəçilər missiyasının tərkibi kifayət qədər müxtəlif idi. Avropa ölkələrini və strukturlarını təmsil edən müşahidəçilərlə yanaşı, eyni zamanda dünyanın digər regionlarından olan müşahidəçilər də Azərbaycanda parlament seçkilərini izləmək imkanı qazanmışdılar. Beləliklə, müxtəlif regionları, siyasi mədəniyyətləri təmsil edən insanların gözləri önündə keçirilən parlament seçkiləri onların səsləndirdikləri və bizə də mətbuatdan məlum olan fikirləri əsasında kifayət qədər yüksək texniki hazırlıq və demokratik normalar şəraitində baş tutub”. Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov “Azərbaycan”qəzetinə müsahibəsində deyib.

Əli Əhmədov bildirib ki, bu bizi sevindirməyə bilməz. Bu, həm də ondan xəbər verir ki, Azərbaycanda seçki mədəniyyəti, siyasi mədəniyyət gündən-günə təkmilləşir və keçirilən parlament seçkiləri ölkəmizdəki siyasi plüralizmin, demokratik normaların daha da dərinləşdiyindən, dönməz xarakter aldığından xəbər verir. Onun sözlərinə görə, Azərbaycana gələn beynəlxalq müşahidəçilər ölkə vətəndaşlarının sərbəst şəkildə öz iradələrini ifadə etmək imkanlarına malik olduğunu da izləyə bildilər. Onlar müşahidə aparmaq missiyası ilə yanaşı, Azərbaycanla bir daha tanış olmaq imkanı da qazanmışdılar.

“Güman edirəm ki, həmin müşahidəçilər Azərbaycanda vətəndaşların və seçicilərin bu qədər yüksək fəallıq nümayiş etdirməsini və eyni zamanda hakim partiyanın qələbə qazanmasının səbəblərini də yəqin ki, ölkəmizlə tanış olmaq fonunda dərk edə biliblər. Bu qədər inkişaf, bu qədər yüksəliş fonunda insanların seçki ovqatı da pozitiv notlar üzərində qurulmalıdır, iqtidara, hökumətə inam və etimad notları üzərində qərar tapmalıdır. Bu da təbii ki, verilən səslərdə və bu səslərin hansı siyasi partiyaların təmsilçilərinə istiqamətlənməsində özünün əksini tapmalıdır.
Müşahidəçlikdən söz düşmüşkən, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rasional, təhlili mümkün olmayan münasibəti ilə bağlı fikirlərimi bildirmək istərdim. Prinsip etibarilə bu qurum seçkilərin keçirilməsi ilə əlaqədar yaradılıb. ATƏT-ə üzv ölkələrdə seçkilərlə bağlı müşahidəçilik missiyası həyata keçirir. Bu mənada həmin qurumun ATƏT-in üzvü olan Azərbaycanın dəvəti əsasında ölkəmizdə keçirilən seçki kampaniyasını müşahidə etməkdən imtinasını rasional şəkildə izah etmək mümkün deyil. Bununla onlar əslində özlərinin birbaşa vəzifələrini həyata keçirməkdən imtina etdilər. Təəssüf hissi ilə bildirmək istərdim ki, bəzi beynəlxalq qurumlar, o cümlədən haqqında söz açdığımız ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkilərdən və seçkilərin izlənməsi missiyasından siyasi təzyiq vasitəsi kimi istifadə etmək ənənəsinə malikdirlər. Bu, tamamilə yolverilməz haldır. Seçkilər və seçkiləri izləmək, müşahidə etmək hər hansı siyasi məqsəd və niyyət güdmədən həyata keçirilməlidir”- deyə, Baş nazirin müavini vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv