Xəbərlər
III Beynəlxalq Şuşa Forumunun Xankəndidə keçirilməsi hər birimizi qürurlandırdı

“İyulun 19-da Xankəndi şəhərində öz işinə başlamış “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu ölkəmizdə gedən proseslərə, xüsusilə də Azərbaycanın xarici siyasət strategiyasına beynəlxalq ictimaiyyətin marağının getdikcə artdığını bir daha nümayiş etdirdi.” Bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, bildirib ki, Forumda yerli media nümayəndələri ilə yanaşı, 52 ölkədən 140 qonağın, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrinin yüksək səviyyədə təmsil olunduğunu nəzərə alsaq, bu tədbirin Azərbaycanın azad olunmuş ərazilərinin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə böyük bir töhfə olduğunu da aydın görərik.” Forumun açılışında aparılacaq müzakirələrin məhz medianın çağırışlar və imkanlar qarşısında müqavimətinin gücləndirilməsinə, o cümlədən, rəqəmsal transformasiyanın təsirinə və müstəqil jurnalistikanın, sülhün, inkişafın, qarşılıqlı anlaşmanın daha da artırılmasına yönəlməsinin vacibliyi qeyd olundu. Dünya KİV təmsilçilərinin suallarını cavablandıran cənab Prezident İlham Əliyev ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac olduğunu diqqətə çatdırdı. Təəssüf doğuran haldır ki, bu gün hələ də Azərbaycan haqqında beynəlxalq mediada, xüsusən də Qərb mediasında yayılan məlumatlar bir çox hallarda həqiqətə uyğun olmur. Biz çox zaman faktların manipulyasiyasının, yanlış narrativlərin şahidi oluruq. Möhtərəm dövlət başçımız “Berliner Verlag” qəzetinin redaktorunun sualını cavablandırarkən bu məsələyə də konkret münasibət bildirdi. Cənab Prezident qeyd etdi ki, ictimai rəyə əsasən media təsir edir, xüsusən də tanımadığınız ölkə haqqında təhlilə gəldikdə. Bu gün isə, Qərbin ictimai rəyi və Qərb mediasının təsiri, Azərbaycana gəldikdə, çox mənfi və ədalətsizdir. Belə vəziyyətin aradan qaldırılmasının ən yaxşı yolu da məhz belə tədbirlərin keçirilməsidir. Burada jurnalistlər, media, 50-dən çox ölkədən liderlər toplaşıb və ən yaxşı yol həmin insanların Azərbaycana gəlmələri və xalqın öz Prezidenti, hökuməti və inkişafı haqqında nə düşündüklərini öyrənməkdir. Sonra isə bütün bunlar barədə auditoriyaya həqiqəti söyləmək lazımdır. Əlbəttə ki, bu, qarşılıqlı anlaşmanı qat-qat yaxşılaşdıracaq.”
Millət vəkili daha sonra bildirib ki, Forumun gedişində cənab Prezident İlham Əliyevin toxunduğu mühüm məsələlərdən biri də Azərbaycanın neokolonializmlə mübarizədə rolu ilə bağlı oldu: “Yeni Kaledoniya və Fransa arasında iyulun 12-də imzalanmış yeni razılaşmaya, eləcə də bir çox dəniz ərazilərində hələ də davam edən kolonializmə qarşı mübarizə ilə bağlı məsələlərə dövlət başçımızın rəyini öyrənmək məqsədilə Beynəlxalq Dekolonizasiya Cəbhəsinin katibinin verdiyi sualları cavablandırarkən Ölkə Prezidenti cənab İlham Əliyev ilk növbədə bildirdi ki, Fransa ilə Yeni Kaledoniya arasında baş vermiş hadisə tarixi presedentdir və bu, hekayətin sonu deyil, yalnız başlanğıcıdır. Qoşulmama Hərəkatına sədrliyin ilk ilindən başlayaraq Azərbaycan dekolonizasiya, müstəmləkə olan ərazilərin müstəqilliyə və ədalətə qovuşması, eləcə də beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrası ilə bağlı səyləri dəstəkləmiş və təşviq etmişdir. Bu, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın öhdəliyi, eyni zamanda, bir ölkə kimi mövqeyi idi. Çünki bu gün XXI əsrdə bir ölkə digər xalqı müstəmləkə hakimiyyəti altında saxlaya bilməz. Bu, hər hansı normal insan davranışına heç cür sığmır. Bu, xalqların fundamental hüquqlarına, onların azadlığına ziddir. Avropa qitəsinin əsas dəyərləri həmin müstəmləkə iddiaları ilə kobud şəkildə pozulur. Bununla Azərbaycan Prezidenti dünyaya demokratiya dərsi keçmək iddiasında olan bəzi Qərb liderlərinə bir daha əsil demokratiyanın nədən ibarət olduğunu dərk etmələrinin zamanı gəldiyi barədə növbəti mesajını göndərdi”.