YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarşılıqlı inam və etimad

Füzuli Abdullayev

YAP Ağsu rayon təşkilatının sədri

Bünövrəsi 1875-ci ildə “Əkinçi” qəzetinin işıq üzü görməsi ilə qoyulan Azərbaycan mətbuatı olduqca böyük inkişaf yolu keçib. Keçən 150 il ərzində bir sıra problemlərlə üzləşən, həmçinin ağır sınaqlardan çıxan Azərbaycan mətbuatı bu gün müasir dünyada özünə layiqli yer tapa bilib.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, ölkəmizdə azad sözün inkişafı və mətbuatın yüksək müasir standartlara yiyələnməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. İstər 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövründə, istərsə də xalqımızın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra Ümummilli Liderimiz ölkəmizdə mətbuatın inkişafı, söz azadlığının bərqərar olması istiqamətində mühüm addımlar atdı. Ulu Öndər Heydər Əliyev deyirdi: “Jurnalist əməyi qeyri-adi əməkdir. Böyük səy, zəhmət, cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir”. 

Ümummilli Liderin sovet Azərbaycanına rəhbərliyi illərdə mətbuata ideoloji basqıların qarşısı qətiyyətlə alındı, qəzet və jurnalların müstəqilliyi xeyli dərəcədə təmin olundu. Ulu Öndərin prinsipial və qətiyyətli mövqeyinə istinad edən respublika mətbuatı o illərdə müxtəlif sahələrdəki problemlərlə bağlı çox cəsarətli, qətiyyətli yazılar dərc edirdi.

Ümumilikdə, müəyyən ideoloji çərçivələrə, standartlara baxmayaraq sovet hakimiyyəti dövründə  Azərbaycanda mətbuat inkişaf etdi, jurnalistika müstəqil elm sahəsi kimi dərindən öyrənilməyə başladı, o zamankı Azərbaycan Dövlət Universitetində Jurnalistika fakültəsi yarandı. Həmin dövrdə jurnalistikada yeni janrlar, yeni inkişaf təmayülləri formalaşdı. Etiraf etməliyik ki, milli mətbuatımızın inkişafında böyük xidmətləri olan, təcrübələrini bu gün də gənc nəsillə bölüşən orta və yaşlı nəsil jurnalistlər məhz sovet illərində yetişiblər.

Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan mətbuatının inkişafında keyfiyyətcə yeni mərhələ başlandı. Ümummilli Liderin rəhbərliyi altında Azərbaycan 1993-cü ildən insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşuldu. 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının 50-ci maddəsində hər kəsin informasiya əldə etmək hüququ təmin edildi. Bu müddəanın Konstitusiyaya daxil edilməsi Azərbaycanın demokratik inkişaf kursu ilə yanaşı, respublikamızın qoşulduğu beynəlxalq müqavilələrdən irəli gəlirdi.

Ulu Öndər Heydər Əliyevin milli jurnalistikamızın inkişafı sahəsində ən böyük, tarixi xidməti 1998-ci ildə KİV üzərində senzuranın tamamilə ləğvidir. Senzuranın mövcudluğu şəraitində medianın müstəqilliyindən danışmaq, əlbəttə ki, mümkün deyildi. 1875-ci ildə «Əkinçi» qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının ilk dəfə senzuradan tamamilə azad edilməsi, yeni müstəqil medianın fəaliyyəti üçün geniş imkanların açılması demək idi.

Qürur hissi ilə deyə bilərik ki,  ulu öndər Heydər Əliyev idarəçilik məktəbinin və siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda mətbuata dövlət qayğısının miqyası daha da genişlənmişdir. Atılan hər bir  addım dövlətimizin azad mətbuatın inkişafına diqqət və qayğısının aydın mənzərəsini yaradır. Bütün bunların nəticəsidir ki,  Prezident İlham Əliyev üç dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülüb.

44 günlük Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə Azərbaycan mətbuatı sözün əsl mənasında müsəlləh əsgər kimi dövlətin, ordunun və Ali Baş Komandanın yanında dayandı. Hərbi-siyasi sahədə əldə edilən uğurlar ideoloji sahədə də medianın fəaliyyəti ilə ən yüksək səviyyəyə çatdırıldı.
Mətbuat-hakimiyyət münasibətlərində milli maraqlara əsaslanan qarşılıqlı inam və etimad formalaşdı. Bu birlik və həmrəylik nəticəsində Azərbaycan mətbuatı xalqımızın operativ şəkildə doğru informasiyaya çıxışını təmin etdi. Nəticədə feyk məlumatların informasiya məkanımızda yayılmasının qarşısı alındı.