YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“8 Noyabr” Elektrik Stansiyası Zəfərin işıqlı simvoludur

Ramid Namazov

Milli Məclisin deputatı

Prezident İlham Əliyevin rəhbərliyi altında regionda misilsiz enerji-nəqliyyat layihələrinin müəllifinə çevrilən Azərbaycan iyunun 24-də Mingəçevirdə 1880 meqavat gücündə nəhəng meqainfrastrukturu istifadəyə verməklə daha bir nailiyyətə imza atdı. Cəmi iki il əvvəl ‒ 2023-cü il fevralın 13-də əsası qoyulan “8 Noyabr” Elektrik Stansiyası qısa bir dövr ərzində istifadəyə hazır olmaqla Cənubi Qafqazın elektroenergetika sənayesinin zirvəsinə ucaldı.

Stansiyanın adının “8 Noyabr” seçilməsi də təsadüfi deyil. Bu, Ali Baş Komandan tərəfindən ən düzgün seçimdir, şanlı Zəfərimizin tarixi, işıqlı parlaq salnaməsidir, Azərbaycanın müdrik enerji diplomatiyasının növbəti uğur rəmzidir. Qəhrəman şəhər olan Mingəçevirin işıqlı obrazının tərənnümüdür.

“8 Noyabr” Elektrik Stansiyası Azərbaycan dövlətinin möhtəşəm iqtisadi iradəsi və qüdrəti, xüsusi təşəbbüskarlıq istedadı, strateji tərəfdaşlarımız olan İtaliya və Çin şirkətlərinin Azərbaycan energetikləri ilə birgə səyləri sayəsində sürətli icra edilərək ərsəyə gələn unikal enerji əsəridir. Hələ sovetlər dövründə 300 meqavat enerji əldə etməyə imkan verən “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) inşası yeddi ilə başa gəlsə də, cəmi iki ildə iki min meqavata yaxın güc blokunun qurulması dünya enerji təsərrüfatında həqiqi rekord nəticədir.

Stansiyanın açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, ölkəmizin ən böyük elektroenerji stansiyasının qısa müddət ərzində istifadəyə verilməsi Azərbaycanın gücünü, potensialını, energetiklərimizin təcrübəsini və peşəkarlığını, güclü kadr potensialının əzmini göstərir.

Bu mükəmməl enerji infrastrukturlarının əsas sütunları isə hələ ötən əsrin 70-ci illərində yaradılıb. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1974-cü ildə Mingəçevirdə “Azərbaycan” İES-in təməlinin qoyulması və 1981-ci ildə stansiyanın birinci blokunun istismara verilməsi ilə Qafqazın ən önəmli energetika mərkəzi, eyni zamanda, möhkəm zəngin energetika təcrübəsi yarandı, ağır sınaqlarda respublikanın təhlükəsizliyini təmin edəcək möhkəm generasiya potensialı formalaşdı. Ümumi generasiya gücü 2400 meqavat olan həmin stansiya müstəqilliyimizin ən ağır illərində Azərbaycanın enerji təhlükəsizliyinin təhlükə altına düşməsinin qarşısını aldı. Həmin kritik məqamlarda enerji qıtlığı yaransa da, Mingəçevir yükü öz çiyinlərinə götürərək dövlətimizin enerji təhlükəsizliyini təmin edə bildi.

Heydər Əliyev strateji sahə hesab etdiyi energetika sistemini müstəqil Azərbaycana rəhbərliyi dövründə yenidən bərpa etdi, istismar müddəti başa çatmış elektrik stansiyalarının təmiri üçün imkanları və xarici maliyyə institutlarını cəlb etdi, bir neçə stansiyanın təməlləri qoyuldu. Bu sütunlar üzərində energetika təsərrüfatı Prezident İlham Əliyevin birbaşa təşəbbüsü ilə ötən 20 ildə tamamilə yenidən qurularaq modernləşdirildi, bölgələrdə yeni elektrik stansiyaları quruldu.

Mingəçevirdə də yenidənqurma işləri geniş vüsət aldı, hər birinin gücü 300 meqavat olan 8 bloklu “Azərbaycan” İES 2020-ci ildə tam modernizasiya edilərək istismara verildi və stansiyanın ömrü ən az 20 il uzadıldı. Həmçinin Mingəçevirdəki bloklarda təqribən 600 meqavatdan çox itirilmiş güclər bərpa edildi.

Bütün bu kompleks tədbirlər sayəsində enerji sənayesində etibarlı təchizat, fasiləsizlik və səmərəlilik yüksəldi, Azərbaycan regional energetika ailəsində öz layiqli yerini tutdu. Ümumilikdə, son 20 il ərzində Azərbaycanda 34 elektrik stansiyası inşa edilməklə generasiya gücləri əlavə olaraq 3400 meqavat artırıldı. Hazırda təkcə “Azərbaycan” İES-də generasiya gücü 1800, “8 Noyabr”ın gücü 1880 meqavatdır, Su Elektrik Stansiyasının gücü isə 400 meqavat olmaqla ölkəmizin 40 faizindən çoxunu ödəyən Mingəçevirin energetika şəhəri kimi xüsusi əhəmiyyətini artırır.

“8 Noyabr” Elektrik Stansiyası, eyni zamanda, enerji sənayesində əməkdaşlığın yeni gündəliyini müəyyən edir. Stansiyasının istismara verilməsi ilə şərti yanacaq sərfiyyatının kəskin aşağı düşməsi sayəsində ildə təqribən bir milyard kubmetrə yaxın qaza qənaət olunacaq ki, Azərbaycanın xaricə əlavə nəql gücü yaranacaq. Pan-Avropa təchizatçısı kimi ad qazanan Azərbaycan qazla təmin etdiyi 10 Avropa ölkəsinin sırasına digərlərini də əlavə etməklə ixrac coğrafiyasını genişləndirəcək.

Eyni zamanda, bu stansiya Azərbaycanın “yaşıl enerji”yə keçid üçün strateji hədəflərə çatmaqda yeni mərhələ olacaq, 2030-cu ilə qədər əsas prioritetlərdən biri olan 6500 meqavat bərpaolunan enerji istehsalını stimullaşdıracaq.

“8 Noyabr” Elektrik Stansiyası həm də sülh və sabitlik simvoludur, milli təhlükəsizliyin qarantıdır. Stansiyanın yerləşdiyi Mingəçevirin vaxtilə işğalçı Ermənistan tərəfindən hədəf seçilməsi də təsadüfi deyildi. Ermənistanın siyasi-hərbi rəhbərliyi Mingəçeviri bombalamaq, su bəndini dağıtmaq və elektrik stansiyasını sıradan çıxarmaq kimi təhdidlər səsləndirirdi. Bədnam ölkə 44 günlük Vətən müharibəsində Mingəçevir Elektrik Stansiyasına uzaqmənzilli raketlər atmaqla öz terrorçu simasını bir daha göstərdi. Məqsəd Azərbaycanın enerji infrastrukturunu iflic vəziyyətinə salmaq idi.

Beş ildir ki, bölgədə sülhü təmin edərək yeni sənaye quruculuğu ilə məşğul olan Azərbaycan bu nəhəng quruculuq proqramının daha geniş və çoxşaxəli olmasına çalışır. Bu məsələdə regiondakı sabitlik isə ən mühüm faktorlardan biridir. Dövlət başçımızın vurğuladığı kimi, “hüdudlarımızın kənarında da nə qədər tez sülh təmin edilərsə, bir o qədər həm o ölkələr üçün, həm təbii olaraq, bizim üçün də yaxşı olacaq”. Azərbaycan bölgədə sabitlik, inkişaf, tərəqqi məkanı kimi öz rolunu daha da gücləndirəcək.

Beləliklə, “8 Noyabr” stansiyasının istismara hazır olması ilə regionun elektroenergetika həyatında həm də yeni dövr başlayır. Stansiya öz gücü ilə regionun elektroenergetika xəritəsini və simasını bütünlüklə dəyişdirəcək. BTC, TANAP və TAP kəmərlərindən sonra yeni ixrac mənbəyi olacaq. Yeni stansiya enerji potensialımızı daha da gücləndirəcək, Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da möhkəmləndirəcək.