YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyədəki “Azərbaycan” məhəlləsi qardaşlığımızın rəmzidir

Tarix boyu türk dövlətləri birlikdə olduqları zaman güclü olmuş, imperiyalar qurmuş, dünyanın ən qüdrətli ordularını məğlub etmişlər. Bu gün biz həmin birliyin yenidən formalaşmasının, onun yaratdığı möcüzələrin şahidi oluruq. 2023-cü il fevralın 6-da qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin nəticələrinin cəmi iki il ərzində aradan qaldırılması türk birliyinin təbii fəlakətin doğurduğu çətinliklərin dəf edilməsi baxımından parlaq qələbə kimi qiymətləndirilə bilər. Bu uğurlu nəticələrdə Azərbaycanın da əhəmiyyətli rolu var. Zəlzələdən dərhal sonra Azərbaycanın göstərdiyi yardım, Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin salınması buna bariz nümunədir. Bu məhəllə ortaq tariximizin, qardaşlığımızın möhtəşəm rəmzidir. Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarı bu gün də Türkiyə-Azərbaycan münasibətlərinin təməlini təşkil edir. Həm sevincli, həm də kədərli günlərdə xalqlarımız və dövlətlərimiz bir yerdədir. Liderlərimiz bu birliyi daha da gücləndirir və inkişaf etdirirlər.

Bu fikirləri Milli Məclisin deputatı Tahir Mirkişili bildirib. Onun sözlərinə görə, iyunun 19-da dünya bir daha Azərbaycan-Türkiyə qardaşlığının və müttəfiqliyinin sarsılmazlığına şahidlik etdi: “Azərbaycanın dəstəyi ilə Kahramanmaraş şəhərində inşa olunmuş məhəllənin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdilər. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, 2023-cü il fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində yaşanan faciəni Azərbaycan xalqı öz faciəsi kimi qəbul etdi. Zəlzələnin ertəsi günündən etibarən Azərbaycan min nəfərdən çox heyət – axtarış-xilasetmə qrupları, könüllülər və həkimlər daxil olmaqla – Türkiyənin zəlzələ bölgələrinə göndərildi. Azərbaycanlı xilasedicilər 53 nəfəri dağıntılar altından sağ çıxardı, iki səhra hospitalında isə 3200 nəfərə tibbi yardım göstərildi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qeyd etdi ki, biz eyni bayrağın kölgəsində dua edən, eyni səccadədə göz yaşı tökən, eyni istiqlal üçün qurban verən bir millətin, iki dövlətin eyni ürək daşıyan övladlarıyıq. Yayılan görüntülərdən də göründüyü kimi, Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsi bütün Türkiyə üzrə ən nüfuzlu layihələrdən biridir.

27.6 hektar ərazini əhatə edən bu məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub. Burada yaşayacaq ailələr üçün 1595 ticarət obyekti də yaradılıb. 2024-cü il sentyabrın 11-də Heydər Əliyev adına məktəbin və uşaq bağçasının açılış mərasimləri keçirilib. “Azərbaycan” məhəlləsinin Baş Planına əsasən 7, 8, 11 və 12-ci kvartallar üzrə tikinti işləri artıq başa çatdırılıb. Bu dörd kvartalda ümumilikdə 26 yaşayış binası mövcuddur. Binaların hamısı 4 mərtəbəlidir və burada 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilib”.

Tahir Mirkişili əlavə edib ki, zəlzələdən sonra Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə də Türkiyəyə mühüm yardımlar göstərilib: “Türkiyənin Azərbaycandakı səfirliyinin müraciətinə cavab olaraq Bakıda yardım kampaniyası baş tutub və əhali könüllü şəkildə dəstək verib. Bu gün Kahramanmaraşda Azərbaycan və Türkiyə bayraqları yanaşı dalğalanır. Ortaq tarixə və milli-mənəvi dəyərlərə söykənən bu səmimi birlik çirkin niyyətli qüvvələrə verilmiş sarsıdıcı cavabdır. Azərbaycan Prezidenti və xalqımız bir daha sübut etdi ki, ən dəhşətli təbii fəlakətdən belə məkrli planlar quranların səyləri uğursuzluğa məhkumdur. Xarici və daxili bədxahlarımıza verilən bu cavab əsl ibrət dərsidir. Azərbaycan-Türkiyə münasibətləri heç vaxt indiki qədər güclü olmayıb. Bu səviyyəyə çatmağımızda lider faktorunun əhəmiyyəti böyükdür. Müstəqil və qətiyyətli siyasət, ortaq tarixə və milli-mənəvi dəyərlərə sədaqət Türk dünyasının bütövlüyünü və gücünü daha da artıracaq. Türk dövlətlərinin birliyi təkcə Avrasiya məkanında deyil, daha geniş coğrafiyada sülhə, təhlükəsizliyə və qarşılıqlı faydalı əməkdaşlığa mühüm töhfələr verəcək”.

DİGƏR Xəbərlər Arxiv