Xəbərlər
Kahramanmaraşda “Azərbaycan” məhəlləsi: yeni həyat və dostluğun ünvanı

Hicran Hüseynova
Milli Məclisin Komitə sədri, professor
2023-cü il fevralın 6-da Türkiyədə baş verən təbii hadisə on minlərlə insanın həyatına son qoydu, yüz minlərlə insan evsiz qaldı, infrastruktur, məktəblər və xəstəxanalar dağıldı. Və ölkəmiz, xalqımız qardaş ölkənin, qardaş xalqın dərdini öz dərdi kimi qəbul etdi. Fəlakətdən sonra Azərbaycan beynəlxalq çağırışları gözləmədən öz qüvvələrini səfərbər edərək qardaş xalqa yardım göstərdi. İlk 24 saat ərzində ölkəmiz Türkiyəyə humanitar yardım, o cümlədən onlarla ton ərzaq, dərman, qızdırıcı, isti paltar və generatorlar, axtarış-xilasetmə avadanlıqları və səhra xəstəxanaları olan təyyarələr göndərib. 800-dən çox xilasedici, həkim və tibb işçisi Türkiyə Respublikasına uçdu. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Türkiyəyə dəstək məqsədilə genişmiqyaslı humanitar kampaniya həyata keçirdi, bu kampaniyada zəlzələlərdən zərər çəkənlərə tibbi yardım, ərzaq və digər zəruri yardımlar göstərilib. Fond təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında və türk xalqına yardımın göstərilməsində fəal iştirak etdi. Türkiyənin başına gələn fəlakətə ilk reaksiya verənlərdən biri də Azərbaycan xalqı oldu. Minlərlə vətəndaş könüllü olaraq qurbanlar üçün zəruri əşyalar toplayıb göndərib. Amma təbii ki, tikintisi son dövrlərin ən böyük beynəlxalq humanitar layihələrindən birinə çevrilmiş Kahramanmaraşdakı Azərbaycan Məhəlləsi xüsusi yer tutur. Məhəllənin sahəsi 27,6 hektardır, burada 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət evi və digər sosial obyektlər tikilmişdir. Həmçinin burada yaşayacaq ailələr üçün 1595 ticarət obyekti yaradılıb. Kvartalın tikintisinə 100 milyon ABŞ dolları ayrılıb, işləri Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi həyata keçirib. Bu, təkcə yaşayış binalarının, sosial obyektlərin təhvil verilməsi deyil, çətin anlarda konkret yardıma çevrilən tarixi qardaşlığın bariz sübutudur. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Türkiyə ilə münasibətlərimiz diplomatiyadan kənara çıxır: “Biz sadəcə müttəfiq deyilik, iki dövlətdə bir millətik”. Kahramanmaraşdakı Azərbaycan məhəlləsi təkcə minlərlə türk ailəsinin başı üzərindəki təkcə dam deyil, qarşılıqlı inamdan, hörmətdən, sevgidən qurulmuş həmrəylik rəmzidir.
Bəli, iki il əvvəl Türkiyədə baş vermiş zəlzələ bu ölkə üçün ağır sınaq olmaqla yanaşı, həm də Azərbaycan və Türkiyə qardaşlığının sadəcə diplomatik şüar deyil, reallıq olduğunun sübutu idi. Bu qardaşlıq insanların qəlbində yaşayır, əməllərdə özünü büruzə verir və hər belə məqamda daha da güclənir. Prezident İlham Əliyevi dediyi kimi: “Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub və bu gün “Azərbaycan” məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür”. İllər, onilliklər keçəcək və Kahramanmaraşlılar, xüsusən də Azərbaycan parkının salınması sayəsində mənzil tapanlar ölkəmizi, prezidentimizi, birinci xanımımızı, xalqımızı böyük hərarətlə xatırlayacaqlar.
Azərbaycan və Türkiyə əsrlər boyu dərin tarixi dostluq və qardaşlıq kökləri ilə bağlı olan, ulu öndər Heydər Əliyevin söylədiyi kimi, “Bir millət, iki dövlət”dir. Bu gün iki dövlət arasında münasibətlərin təməlində xalqlarımızın qardaşlığı və liderlərin siyasi iradəsi dayanır. Danılmaz faktdır ki, türk dünyasının birliyinin əsasını Türkiyə və Azərbaycan təşkil edir. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını qəti şəkildə nümayiş etdiriblər. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Qarabağı işğaldan azad edərək xalqımızı əzəli torpaqlarımıza qovuşdurdu. 44 gün müddətində qardaş Türkiyə Cümhuriyyəti hər zaman olduğundan daha çox Azərbaycanın yanında oldu və bunu bütün tiribunalardan ən yüksək səslə təkrar-təkrar söyləməkdən çəkinmədi. Eyni zamanda Vətən müharibəsindən sonra imzalanan Şuşa Bəyannaməsi ilə də iki qardaş ölkə arasındakı münasibətlər keyfiyyətcə yeni müstəviyə qalxdı. Azərbaycan artıq Türkiyənin hər bir məsələsində - istər siyasi, istər iqtisadi, istər hərbi məsələlərdə yanında olub və olacaqdır. Bu münasibətlər dünyada misli görünməmiş yaxınlıq münasibətləridir, bütün dövlətlər üçün örnək olan münasibətlərdir və həm qardaşlıq tellərini özündə ehtiva edir, eyni zamanda gələcək üçün strateji baxışı da müəyyənləşdirir. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində getdikcə daha mühüm və strateji rol oynayır. Ölkəmiz zəngin təbii resursları, həmçinin dayanıqlı enerji layihələri ilə Avropanın enerji mənbələrinin diversifikasiyasında vacib tərəfdaş kimi önə çıxır. Xüsusilə, Cənub Qaz Dəhlizi kimi böyük transmilli layihələr vasitəsilə Azərbaycan qazı Avropa bazarlarına uğurla nəql olunur və bu, qitənin enerji asılılığının azaldılmasına əhəmiyyətli töhfə verir. Bu sahədə Azərbaycan Prezidenti İlham Əliyevin gördüyü işlər beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Bir çox Avropa ölkələrinin rəhbərləri dəfələrlə dövlətimizin başçısına səmimi təşəkkürlərini bildirərək Azərbaycanın enerji təhlükəsizliyində rolunu və verdiyi dəstəyi xüsusi vurğulamışlar. Bu, Azərbaycanın regional və beynəlxalq səviyyədə artan nüfuzunun, həmçinin enerji diplomatiyasının uğurunun bariz göstəricisidir.