Xəbərlər
YAP Nəsimi rayon təşkilatı ərazi partiya təşkilatlarında görüşlər keçirib

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının “C.Cabbarlı küçəsi 34” (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi) ünvanı üzrə ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.
Hesabat-seçki yığıncağında çıxış edən YAP Nəsimi rayon təşkilatının sədr müavini Abbas Pənahov Yeni Azərbaycan Partiyasının yarandığı vaxtdan şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini deyib.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin direktor müavini Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizdə bütün sahələrin, o cümlədən səhiyyənin inkişafından bəhs edib. Qeyd olunub ki, Heydər Əliyevin səhiyyə sahəsinə diqqəti və onun inkişafı üçün gördüyü işlər Azərbaycanı tezliklə tək ümumittifaq miqyasında deyil, həm də beynəlxalq arenada qabaqcıl mövqelərə çıxardı. Ulu Öndərin səhiyyə sahəsində siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra çıxış edən YAP Nəsimi rayon təşkilatının məsləhətçisi Aynur Poluyeva gənclərin, müxtəlif peşə sahiblərinin, eyni zamanda səhiyyə əməkdaşlarının fərqli sosial platformalarda partiyamızın ideoloji cəhətdən təbliği ilə bağlı fəal iştiraklarından söz açıb.
Çıxışlardan sonra səsvermə keçirilib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin direktor müavini Rafiq Xudiyev yekdilliklə “C.Cabbarlı küçəsi 34” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, mərkəzin baş mütəxəssisi Rəna Sadatova isə sədr müavini seçilib.
Qeyd edək ki, YAP Nəsimi rayon təşkilatının “R.Behbudov küçəsi 53” ünvanı üzrə (3 saylı uşaq poliklinikası) ərazi partiya təşkilatında da hesabat-seçki yığıncağı keçirilib.
3 saylı uşaq poliklinikasının həkimi Güney Əsədova ərazi partiya təşkilatının sədri, Şəfəq Nəzərova isə sədr müavini seçilib.