Xəbərlər
Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir

“Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Azərbaycan və Türkiyə arasında əlaqələrin bu səviyyədə yüksək inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, iyunun 19-da Azərbaycan və Türkiyə liderlərinin iştirakı ilə Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin təntənəli açılış mərasiminin keçirilməsi iki ölkənin qardaşlığınının gücünü bir daha nümayiş etdirdi. Mərasimdə Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub və “Azərbaycan” məhəlləsinin açılışı bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür.
Millət vəkilinin sözlərinə görə, Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olmaqla, diplomatik əlaqələrin bərpasında və ölkəmizin beynəlxalq arenada möhkəmlənməsində mühüm rol oynayıb. Bu dövrdən başlayaraq, iki ölkə arasında siyasi, iqtisadi və mədəni əməkdaşlıq sürətlə inkişaf etməyə başlayıb. Enerji, nəqliyyat və ticarət sahələrində qurulan əlaqələr də münasibətlərin əsas sütunlarından biri olub. 2000-ci illərdə həyata keçirilən iri enerji və infrastruktur layihələri - xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri Azərbaycanın Avropaya enerji ixracını təmin etməklə yanaşı, Türkiyəni regionda mühüm enerji tranzit mərkəzinə çevirib. Bu əməkdaşlıq hər iki ölkənin iqtisadi dayanıqlığını və regional mövqeyini gücləndirib. Bununla yanaşı, hərbi sahədə də tərəfdaşlıq möhkəm təməl üzərində qurulub. Türkiyə Azərbaycanın müdafiə potensialının artırılması üçün hərbi təlimlər və texniki dəstək verərək, hərbi əməkdaşlığı daha yüksək səviyyəyə çatdırıb. Xüsusilə 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini birmənalı dəstəkləməsi iki ölkə arasındakı siyasi və hərbi münasibətləri daha da möhkəmləndirib. Bu yaxınlıq yalnız siyasi və iqtisadi deyil, mədəni və təhsil sahələrində də özünü göstərir. Türkiyənin Azərbaycanda həyata keçirdiyi təhsil və mədəniyyət layihələri, eləcə də tələbə və müəllim mübadiləsi proqramları iki xalq arasında qarşılıqlı anlaşmanı və mənəvi bağlılığı daha da dərinləşdirib. Bu fəaliyyətlər gələcək nəsillərin bir-birinə daha yaxın və həmrəy yetişməsinə zəmin yaratmaqla, Azərbaycan-Türkiyə qardaşlığının möhkəm və davamlı olacağını bir daha sübut edir.
Sevinc Fətəliyeva qeyd edib ki, 2023-cü ilin fevralında Türkiyənin cənub-şərqində baş verən və “əsrin faciəsi” adlandırılan dəhşətli zəlzələdən dərhal sonra Azərbaycan dövləti və xalqı qardaş ölkənin yanında oldu. Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, həkimlər və könüllülər zərərçəkən ərazilərə ezam olundular, humanitar yardımlar göndərildi. Dövlətimizin başçısının xüsusi tapşırığı ilə Azərbaycanın qardaş ölkəyə uzunmüddətli dəstəyi üçün Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin inşasına start verildi. 27,6 hektarlıq ərazini əhatə edən məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub. Həmçinin burada məskunlaşacaq ailələr üçün 1595 ticarət obyekti də yaradılıb.
“Kahramanmaraşda ucaldılan Azərbaycan-Türkiyə dostluq abidəsi isə bu sarsılmaz qardaşlığın rəmzinə çevrilib. Bu layihə təkcə bir tikinti layihəsi deyil, eyni zamanda, Azərbaycan və Türkiyə qardaşlığının, ağır günlərdə bir-birinə dayaq olmağın, dostluq və həmrəyliyin parlaq nümunəsidir. “Azərbaycan” məhəlləsi iki ölkə arasında humanitar həmrəyliyin və strateji tərəfdaşlığın gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bütövlükdə, bu tarixi hadisə “Bir millət, iki dövlət” fəlsəfəsinin bir daha tərənnüm edir”,-deyə o vurğulayıb.