Xəbərlər
YAP Laçın rayon təşkilatı "Milli Qurtuluş Günü"nə həsr olunmuş tədbir keçirib

Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində “15 İyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirdə çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, 1 saylı ərazi partiya təşkilatının sədri Məhəmməd Şahbazov, rayon ziyalıları Tahir Bayramov, Abuzər Abuzərov və Sədaqət Məhərrəmova bildiriblər ki, 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə qayıdışı Azərbaycanı dövlət müstəqilliyinin itirilməsi, ölkənin parçalanması təhlükəsindən, dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas edərək, uzunmüddətli inkişaf yoluna çıxardı. Həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil olaraq qızıl hərflərlə yazıldı.
Çıxış edənlər vurğulayıblar ki, Ulu Öndərin müəyyən etdiyi siyasi və iqtisadi inkişaf strategiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan öz tarixində görünməmiş bir inkişaf və tərəqqi yoluna çıxıb. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsində böyük şücaət göstərərək şanlı Qələbə qazandı, 30 ilə yaxın işğal altında qalmış torpaqlarımız azad edildi.
Tədbirin sonunda partiya dəyərlərinin təbliğində və rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyət göstərən şəxslərə fəxri fərman, partiyaya yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim olunub.