Xəbərlər
Milli birliyin və xalq iradəsinin təntənəsi

Rövşən Əhmədov
YAP Ağcabədi rayon təıkilatının sədri
Azərbaycan tarixində elə günlər var ki, bu günlər xalqın taleyini dəyişmiş, dövlətçiliyimizin gələcəyini müəyyən etmişdir. Bu baxımdan 15 İyun – Milli Qurtuluş Günü xüsusi əhəmiyyətə malikdir. Bu gün, Ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan xalqının düşdüyü ağır vəziyyətdən xilas olması, müstəqil dövlətçiliyimizin bərqərar olması yolunda dönüş nöqtəsi olmuşdur.
1990-cı illərin əvvəllərində Azərbaycan xalqı Sovet İttifaqının süqutundan sonra müstəqilliyini bərpa etsə də, ölkədə ciddi siyasi böhran, iqtisadi çöküş, separatizm meylləri və xarici təhdidlər hökm sürürdü. 1993-cü ildə isə bu gərginlik pik həddə çatmışdı. Vətəndaş müharibəsi təhlükəsi yaranmış, ölkədə anarxiya və xaos hökm sürürdü.
Belə bir çətin və taleyüklü dövrdə xalqın təkidi ilə ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu hadisə ölkənin siyasi həyatında mühüm bir dönüm nöqtəsi oldu və tarixə Milli Qurtuluş Günü kimi daxil oldu.
Müstəqilliyi qazanmaq ilkin şərt hesab olunsa da, onu qoruyub inkişaf etdirmək daha vacib məsələdir. Bu məhz Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi, milli dövlətçiliyimizin konsepsiyası yaradıldı, bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə qısa müddətdə separatçı meyllərə qarşı qətiyyətli addımlar atıldı, ordu quruculuğu istiqamətində ciddi islahatlara başlandı, xarici siyasətdə balanslı və düşünülmüş strategiya həyata keçirildi. Eyni zamanda 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" ölkəyə iqtisadi canlanma gətirdi və Azərbaycanın beynəlxalq aləmdə mövqelərini gücləndirdi. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan qısa müddətdə inkişaf yoluna qədəm qoydu.
Milli Qurtuluş Günü təkcə bir siyasi dəyişiklik deyil, həm də xalqın dövlətçiliyinə sahib çıxmasının simvoludur. Bu gün hər bir azərbaycanlı üçün milli həmrəyliyin, sabitliyin və inkişafın başlanğıcı kimi böyük əhəmiyyət kəsb edir.
Milli Qurtuluş Günü milli birliyin, xalq iradəsinin təntənəsidir. Bu gün Azərbaycan xalqı üçün həm keçmişdən dərs almağın, həm də gələcəyə daha böyük inamla baxmağın rəmzidir.
Bu gün əminliklə deyə bilərik ki, respublikamızın tarixində Ulu Öndər Heydər Əliyevin şəxsiyyəti həlledici rol oynamış, zaman keçdikcə, dövlətimiz inkişaf edib müstəqilliyini möhkəmləndirdikcə Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti və dəyəri daha da aydın dərk olunacaqdır. İllər ötsə belə Azərbaycan xalqı 15 iyun tarixini yenə də qürur və şərəf günü kimi qəbul edəcəkdir-o tarixi bizlərə bəxş edən dahi insanı eyni sevgi, hörmət və ehtiramla xatırlayacaqdır.