Xəbərlər
Konstitusiya və İstiqlal Yolu: 15 İyunun mənası

Ramiz Hüseynov
YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri
15 İyun Azərbaycan xalqının yaddaşında taleyüklü bir gün kimi qalır. Bu tarix 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışı və ölkənin parçalanmaqdan, vətəndaş müharibəsindən xilas edilməsi ilə əlaqələndirilir. Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası, sabitliyin və inkişafın bərqərar olduğu bir dövrün başlanğıcı kimi qəbul edilir.
1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikasında son dərəcə mürəkkəb və gərgin siyasi vəziyyət hökm sürürdü. Daxili çəkişmələr, idarəolunmazlıq, iqtisadi tənəzzül və Ermənistanla davam edən Qarabağ müharibəsi ölkəni böhran həddinə çatdırmışdı. Xalq hakimiyyətdə olan qüvvələrin vəziyyəti idarə edə bilmədiyindən narazı idi. Belə bir məqamda 1993-cü ilin iyununda Gəncədə baş verən qiyam ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu.
Xalqın və siyasi elitanın israrlı çağırışları nəticəsində Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev iyun ayında Bakıya dəvət olundu. 15 iyun 1993-cü ildə o, Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Məhz bu tarix Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Ulu Öndərin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkədə sabitlik təmin edildi, dövlətçilik bərpa olundu və yeni inkişaf strategiyası formalaşdırıldı.
Ulu Öndər hər zaman andına sadiq olub. Ali Sovetin sədri seçildiyi həmin gündə söylədiyi bu sözlər onun xalqına və dövlətinə necə dərindən bağlı olduğunu bir daha təsdiq edirdi: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.”
Bu and və bu əzm sonrakı illərdə Heydər Əliyevin siyasi fəaliyyətində daim öz təsdiqini tapdı.
Heydər Əliyev tərəfindən həyata keçirilən islahatlar, hüquqi dövlət quruculuğu, ordunun möhkəmləndirilməsi və neft strategiyası sayəsində Azərbaycan regionun ən sürətlə inkişaf edən ölkəsinə çevrildi. Onun siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Məhz bu siyasi kursun ardıcıl və prinsipial şəkildə həyata keçirilməsi nəticəsində Azərbaycan bu gün güclü, müstəqil və qalib dövlət kimi tanınır. Prezident İlham Əliyev bu tarixi günün əhəmiyyətini xüsusi olaraq belə ifadə edib: “Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi.”
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu bu gün də Azərbaycan dövlətinin əsas dayağıdır. Prezident İlham Əliyev atasının siyasi kursunu davam etdirərək ölkənin iqtisadi, hərbi və diplomatik sahələrdə güclənməsinə nail olub. Ən böyük nailiyyətlərdən biri 2020-ci ildə torpaqlarımızın azad olunması, 2023-cü ildə isə Azərbaycanın tam suverenliyinin bərpa edilməsidir. Bu uğurlar bir daha sübut edir ki, Milli Qurtuluş Günü ilə başlanan sabitlik və inkişaf dövrü davamlı və dönməz xarakter daşıyır.
15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində əvəzsiz yer tutur. Bu gün təkcə bir siyasi dönüş nöqtəsi deyil, həm də xalqın öz xilaskarına – Heydər Əliyevə olan inamının təcəssümüdür. Hər il bu gün Azərbaycan xalqı tərəfindən böyük ehtiramla qeyd edilir və gələcək nəsillərə dövlətçiliyin qiymətini anlatmaq baxımından xüsusi əhəmiyyət daşıyır.