YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Qurtuluş Günü: Tarixin dönüş nöqtəsi

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Azərbaycanın müstəqillik tarixi çox şərəfli, lakin bir o qədər də sınaqlarla doludur. XX əsrdə ikinci dəfə əldə etdiyimiz müstəqilliyin ilk illərində dövlətçiliyimiz ağır təhlükə qarşısında qalmışdı. 1991-ci ildə müstəqilliyini elan edən Azərbaycan Respublikası 1993-cü ilə qədər ciddi siyasi, sosial və hərbi böhranlar, daxili qarşıdurmalar və vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə idi. Dövlət institutları iflic vəziyyətdə idi, vətəndaşlar sabahına inamını itirmişdi, cəbhədə isə ard-arda məğlubiyyətlər baş verirdi. AXC-Müsavat cütlüyünün səriştəsiz idarəetməsi nəticəsində ölkədə anarxiya, özbaşınalıq, iqtisadi çöküş və milli faciələr yaşanırdı.

Belə bir dövrdə xalqın ümid işığı yalnız bir şəxsiyyətə – Ulu Öndər Heydər Əliyevə yönəldi. Onun zəngin siyasi təcrübəsi, liderlik qabiliyyəti və xalqa bağlılığı hər kəsin xatirində idi. Xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 9-da Bakıya qayıdan Heydər Əliyev 15 iyun tarixində Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu hadisə təkcə siyasi rəhbərliyin dəyişməsi deyildi – bu, xalqın xilasa doğru seçimi, dövlətçiliyin qorunması naminə verilmiş tarixi qərar idi.

15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu. Ulu Öndər qısa müddətdə ölkədə sabitliyi təmin etdi, silahlı qarşıdurmaların qarşısı alındı, vətəndaş qarşıdurmasına son qoyuldu, ordu quruculuğuna başlanıldı. Xalqın parçalanmış ruhu birləşdirildi, insanlar dövlətinə və sabaha olan inamını yenidən qazandı.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu artdı, neft strategiyası formalaşdı, “Əsrin müqaviləsi” imzalandı, yeni Konstitusiya qəbul edildi, çoxpartiyalı siyasi sistem və demokratik təsisatlar yaradıldı. Azərbaycan inkişaf yoluna qədəm qoydu və regionun əsas güc mərkəzinə çevrilməyə başladı.

Bu gün ölkəmizin qazandığı uğurların təməlində məhz Milli Qurtuluşda atılan ilk qətiyyətli addımlar dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin siyasi irsi uğurla davam etdirilir, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və dünyada söz sahibi olan qüdrətli dövlətə çevrilib. 2020-ci ildə əldə edilən tarixi Zəfər və işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri bu siyasətin parlaq nəticəsidir.

15 İyun təkcə keçmişin yaddaşı deyil, həm də gələcəyə inamın rəmzidir. Bu gün hər bir azərbaycanlı bu bayramı qürurla qeyd edir. Çünki o gün xalqın öz taleyinə sahib çıxdığı, parçalanmaq təhlükəsində olan bir dövləti xilas etdiyi gündür. Milli Qurtuluş Günü – xalqın iradəsinin, əzm və birliyinin zəfəridir.