Xəbərlər
15 iyun -Azərbaycanın tarixi dönüş nöqtəsi

Məhəmməd Balaqadaşov
YAP Xaçmaz rayon təşkilatının sədri
Müstəqilliyimizin bərpasının ilk illəri hakimiyyətsizlik dövrü kimi xarakterizə edilir. Azərbaycan müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsini yaşayırdı. Xalqın sabaha ümidi itmişdi. Ölkədə xaos, anarxiya hökm sürür, digər tərəfdən isə torpaqlarımız işğal edilirdi. Belə bir çətin dövrdə Ümummilli Lider Heydər Əliyev xaqının səsinə səs verdi. 1993-cü ildə dahi şəxsiyyət Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bugünkü uğurlarımızın əsası oldu. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və xalqın qurtuluşu missiyasının uğurlu icrası istiqamətində mühüm addımlar atdı. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” söyləyən Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi, iqtisadi inkişafın təmin edilməsi üçün imkanlar yaradıldı. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.
Ulu Öndərin tarixi missiyası üç mühüm amilə söykənirdi: xalqın Heydər Əliyevə olan möhkəm, sarsılmaz inamı və dəstəyi; Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti və Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız sevgisi.
Dövlət başçısı İlham Əliyev bildirir: “Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi.” Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət, təkmil islahatlar ölkəmizin qarşısında yeni imkanlar açır, zirvələri fəth etməsini şərtləndirir. Azərbaycan güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınır. Bu gün qalib, ərazi bütövlüyü və suverenliyi tam təmin edilən Azərbaycan yeni-yeni hədəflərə doğru inamla addımlayır. Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən böyük qürur hissi ilə ata vəsiyyətini yerinə yetirdiyini bildirdi. Tarixi Qayıdışdan başlanan yol Azərbaycana möhtəşəm uğurlar, Zəfərlər qazandırır. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdanda bu çağırışı etmişdir ki, bu çətin günləri keçib gedəcəyik. Vaxt gələcək hər kəs güclü, qüdrətli Azərbaycanın vətəndaşı olduğu üçün qürur duyacaq. Bugünümüzün reallıqları bu əminliyin təsdiqidir. Ulu Öndərin şah əsəri olan müasir müstəqil Azərbaycan Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə hər bir hədəfə uğurla nail olur. Cənab İlham Əliyev daim bildirir ki, əldə olunan uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq.
Bu gün qalib Azərbaycanın Zəfərdən-Zəfərə inamla addımladığını görür və bundan qürurlanırıq. Bu gün Qarabağımız və Şərqi Zəngəzurumuz cənnət məkana çevrilir. Azad Qarabağ və Şərqi Zəngəzur beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul olunur. Bərpa-quruculuq işlərinin miqyası ölçüyəgəlməzdir. Azərbaycan dünya hərb tarixində ilkə imza ataraq tarixi Zəfərindən dərhal sonra azad edilmiş torpaqlarda bərpa işlərinə başladı. Bütün işləri öz daxili imkanları hesabına həyata keçirən Azərbaycan Ümummilli Liderin yaratdığı möhkəm təməl üzərində dayanıqlı inkişafını təmin etməklə dünyaya belə bir çağırışı səsləndirir ki, dövlətinin, xalqının gələcəyini düşünən Lider daim yeni-yeni hədəfləri reallığa çevirməklə ölkəsinin qüdrətini artırır, söz sahibliyini möhkəmləndirir. Bu gün qürurla qeyd edirik ki, Azərbaycanın sözü imzası qədər əhəmiyyətlidir.